İşdən qovulan müstəntiq ifadə verdi: "Atası oğluna kömək etməyimi istədi" - YENİLƏNİB

13 Fevral 2018 13:26

13:26

Dindirmənin davamında keçmiş müstəntiq Vüqar Abbasov qeyd edib ki, R.Rəhimov hadisədən 20 gün sonra könüllə şəkildən istintaqa gəlib: "Birinci dəfə etiraf etmirdi, sadəcə istintaqa cəlb olundu. İlkin ifadəsini aldıq. Sonda hadisəni törətdiyini etiraf etdi. O vaxta qədər Rəhim Rəhimov axtarışa verilmişdi. Çünki rəhbərliyə məruzə edilmişdi".

Milli.Az report-a istinadən xəbər verir ki, V.Abbasov bildirib ki, R.Rəhimovun atası könüllü şəkildə idarəyə gəlib, oğlunun qəza törətdiyini etiraf edib: "Atasına oğlunu gətirməsini dedik. Noyabrın 14-də axtarışa verdik, 20 günə gəldi. Rəhim istintaqa gələnə qədər onun atası ilə iki dəfə iş yerində görüşdük. İkinci dəfə görüşümüz zamanı oğluna kömək etməyimi istədi. Lakin biz istintaqın maraqları ilə hərəkət etdik. Axtarışa veriləndən sonra evlərinə və universitetə əməliyyatçılar gedib, lakin o, həmin yerdə tapılmayıb".

R.Rəhimov söyləyib ki, hadisəni törədəndən sonra hər gün təhsil aldığı univeristetə gedib: "Mənim davamiyyətimə baxa bilərsiz. Bir dəfə əməliyyatçılar gəldi, iki dostumu düz yanımda apardılar ifadə almağa. Lakin mənə heç kim heç nə demədi"

Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.

----------
12:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə müstəntiq Vüqar Abbasov şahid qismində ifadə verib. 

İlk başda bu iş V.Abbasovun icraatında olub. O isə qəzanı R.Rəhimovun törətdiyini bilsə də, işi başqa istiqamətdə aparıb və qəzanı ailənin sürücüsü Əmrulla Şahbazovun törətdiyinə dair ifadələr alıb. Daha sonra buna görə vəzifəsindən qovulub. 

O, məhkəmədə ifadə verərək deyib ki, məlumat daxil olan kimi hadisə yerinə gedib: "Mən ora çatanda maşının nömrəsi üstündə yox idi, baqajdan çıxdı. Yol polislərindən soruşdum, dedilər sürücü yoxdur.

Şahidlər qəzanı cavan uşağın törətdiyini dedilər. Həmin cavan oğlanı tapa bilmədik. Polislər mənə yaxınlaşıb qəzanı törədən şəxsin burada olduğunu dedi. Maşınlara, ətrafa baxdıq, Rəhim ortalıqda yox idi. Meyiti morqa aparıb oradan idarəyə getdim. 

Sonra Əmrulla adlı biri gəlib hadisəni özünün törətdiyini dedi. Orada Əmrullanı dindirdim və yalan danışdığını bildim. Dərhal cinayət işi açdım. Araşdırma zamanı Rəhim özü cinayəti etiraf etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində