Azərbaycanlı məşhurlar xalq artistinin Qubadakı yas mərasimində iştirak edəcəklər - FOTO

13 Fevral 2018 09:37

Bir qrup aktyor və aktrisa Zərnigar Ağakişiyevanın Qubadakı yas mərasimində iştirak edəcək.

Bu haqda aktrisanın yaxın sənət dostu Faiq Mirzə Milli.Az-a məlumat verib:

"Həftənin 4-cü günü Zərnigar xanımın ilk cümə axşamısıdır. Akademik Milli Dram Teatrının bir qrup kollektivi və digər sənət yoldaşlarımız yas mərasimində iştirak etmək üçün Qubaya yola düşəcəyik. Allah bizə və onu sevənlərə səbr versin. Həqiqətən də, onun kimi aktrisanın incəsənət aləmindən getməsi mədəniyyətimiz üçün ağır bir dərddir.

Mən özüm də Qubada doğulub, boya-başa çatmışam. Zərnigar xanım dəfələrlə verilişimdə qonaq olub. O, məni yerlisi olduğum üçün bir başqa çox istəyirdi. Allah ona qəni-qəni rəhmət etsin".

Qeyd edək ki, xalq artisti Zərnigar Ağakişiyeva doğulub boya-başa çatdığı Quba rayonu, Rustov kənd qəbiristanlığında dəfn olunub.

Əli Rəhimoğlu
Milli.Az