Anasını ağır seçim qarşısında qoyan Caka

12 Fevral 2018 23:18

Albaniyaya "yox" dedi, İsveçrəni seçdi, qardaşına rəqib oldu 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Futbol üzrə dünya çempionatının Braziliya, Fransa, İspaniya, Almaniya kimi daimi favoritləri və ya bu turnirə qatılmağı belə böyük uğur hesab olunan autsayderləri var. Ancaq elə millilər də var ki, mundialın favoriti sayılmasa belə, hər an sürpriz etməyə qadirdirlər. İsveçrə millisi də bu cür komandalardandır. Banklar ölkəsi təmsilçisi bu günə kimi 10 dəfə dünya çempionatının final mərhələsində iştirak edib. İsveçrəlilər 6 dəfə qrup mərhələsini adlamağa nail olub olub ki, bunlardan 3-də 1/4 finala kimi irəliləyib. "Qırmızı-ağlar" son 3 mundialın 2-də 1/8 finala çıxmağa nail olub. DÇ-2006-da isə komandanın çıxışı daha diqqətçəkən olmuşdu. İsveçrə millisi qrup mərhələsini 2 qələbə, 1 heç-heçə ilə lider kimi başa vurmuş, 1/8 finalda isə Ukraynaya yalnız penaltilər seriyasında uduzmuşdu. Maraqlıdır ki, komanda bu oyunların heç birində nəinki uduzmamış, hətta qol da buraxmamışdı.

İsveçrə millisində dünya səviyyəli ulduzlar olmasa da, bir çox üzvü Avropanın aparıcı klublarının əsas heyətində çıxış edir. Elə komandanın inamlı, stabil çıxışının kökündə də bu amil dayanır. Yığmanın digər xüsusiyyətlərindən biri də, burda əslən İsveçrədən olmayan yetərincə futbolçunun çıxış etməsidir. Komandanın baş məşqçisi Vladimir Petkoviç də əslən xorvatdır, banklar ölkəsində ötən əsrin 90-cı illərindən məskunlaşıb. Hazırda "Arsenal"da top qovan Qranit Caka da komandanın "gəlmələr"indəndir. Kosovo əsilli yarımmüdafiəçi bu gün Petkoviçin əsas silahlarındandır. Bu yazıda sizə Cakanın İsveçrədə məskunlaşma və bu ölkənin millisinə kimi yüksəlmə hekayəsindən bəhs edəcəyik.
 

Etiraz, həbs, Kosovodan qaçış...
 
Qranit Caka 1992-ci il sentyabrın 27-də İsveçrənin Bazel şəhərində dünyaya gəlib. Qranit doğulmamışdan onun ailəsi artıq doğma Kosovonu tərk etmişdi. Atası Raqip Caka hələ universitetdə oxuduğu zaman sosialist Yuqoslaviya hökumətinə, onların yeritdiyi siyasətə sərt etiraz edənlərdən olub. Raqip Priştina universitetində oxuduğu zaman tez-tez Yuqoslaviya rəhbərliyi əleyhinə mitinqlərə qatılır, totalitar rejimi tənqid edənlər arasında öndə gedirdi. Ancaq demokratiya istəyən bu gəncin fəallığı Yuqoslaviya hökumətinin xoşuna gəlmirdi. Nəhayət, 1986-cı ildə 22 yaşlı Raqip və qardaşı yerli polis tərəfindən həbs edilir. O, 15 il həbs cəzası alır. Ancaq 3,5 il sonra sərbəst buraxılır. Çıxdıqdan sonra isə qəti qərar verir - bu ölkədə qalmaq olmaz! Raqip könül verdiyi, uşaqlarının gələcək anası Elmaze ilə birlikdə İsveçrəyə qaçmaq qərarına gəlir. İsveçrədə isə əvvəlcə Taulant, bir il sonra isə Qranit dünyaya gəlir. 
 

"Bazel"in Caka qardaşları
 
Hər iki qardaş kiçik yaşlarından İsveçrədə populyar olan futbola meyl salır. Caka qardaşlarının futbol sevgisi onları yaşadıqları Bazel şəhərinin "Konkordia Bazel" klubuna gətirir. 2000-ci ildən bu klubda futbolun sirlərinə yiyələnən qardaşlar, cəmi iki il sonra İsveçrənin ən köklü klublarından olan "Bazel"də peyda olurlar. 2010-cu ildə isə Caka qardaşları bu klubun əsas komandasına cəlb olunurlar.

Onlar "Bazel"də cəmi 2 il birlikdə çıxış edirlər. 2012-ci ildə kiçik Caka - Qranit Almaniyanın "Borussiya" (Münhenqladbax) klubuna transfer olunur. Bundesliqa təmsilçisi 20 yaşlı istedadın keçidi üçün "Bazel"ə 8,5 milyon avro ödəyir. Qranit "Borussiya"da ona olan ümidləri tam doğruldur. Burda çıxış etdiyi 4 il ərzində 140 oyunda 9 qol da vurur.

Yarımmüdafiənin mərkəzində və dayaq yarımmüdafiəçisi kimi çıxış edə bilən Cakanın işlək ayağı soldu. 1.85 m boya malik Qranit, hava mübarizələrində də inamlı təsir bağışlayır.
 
Bu cür istedad Avropanın aparıcı klublarının skautlarının diqqətindən yayına bilməzdi. Yayınmır da. "Arsenal" 2016-cı ildə 45 milyon (!) avro ödəyərək, Qranitin transfer hüququna yiyələnir. 

Çalışqan, intizamlı olan kiçik Caka qısa müddətdə "Arsenal"ın baş məşqçisi Arsen Vengerin etimadını qazanır. Son iki mövsümdə "topçular"ın yarımmüdafiənin mərkəzində əsas "silahlar"ından olan Qranit, sabit çıxışı ilə yerli azarkeşlərin də könlünü fəth edib.
 

İki fərqli millinin üzvü olan qardaşlar 
 
Qranit və Taulant yeniyetmə yaşlarından doğulub boya-başa çatdıqları, vətəndaşı olduqları İsveçrə millisinin şərəfini qorumağa başlayırlar. Onlar İsveçrənin U-17 komandasından tutmuş, U-21-ə kimi millinin bütün yaş qruplarının üzvü olurlar. Ancaq əsas millidə qardaşların yolu ayrılır. Belə ki, qardaşların əslən bağlı olduğu Kosovo hələ FİFA-nın üzvü olmasa da, alban olmaları, Albaniya yığmasının da qapılarını onların üzünə açırdı. Albanlar da israrla bu iki "qənimət"i millinin üzvünə çevirməyə çalışırdılar. Qranit 2011-ci ildə öz seçimini edir. O, milli kimliyinə görə bağlı olduğu Albaniya millisini yox, doğulub boya-başa çatdığı İsveçrəni seçir. Onun yığmada debütü 2011-ci ilə təsadüf edir. Caka AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutmuş İngiltərə ilə qollu heç-heçənin (2:2) iştirakçısı olur. Həmin seçmə mərhələdə Lüksemburqla səfər oyununda isə yığmada ilk qolunu vurur. Onun qolu isveçrəlilərə qələbə qazandırır (1:0). Qranit yığma ilə ən böyük uğurunu 2009-cu ildə, hələ U-17-də çıxış etdiyi zaman qazanıb. İsveçrə millisi Nigeriyada keçirilən yeniyetmələrin dünya çempionatını çempion kimi başa vurur. Bu, isveçrəlilərin ilk belə uğuru idi. Caka da tarixi uğura imza atan heyətdə yer alır.

Qranitdən fərqli olaraq, Taulantın əsas millidə debütü 2014-cü ilə təsadüf edir. Bir müddət gözləyən böyük Caka, nəhayət Albaniya Futbol Federasiyasına "hə" deyir. Beləliklə, qardaşlar fərqli ölkələrin millilərinə üstünlük verirlər. Biri doğulub boya-başa çatdığı, digəri isə milli bağlarla bağlı olduğu ölkəni seçir.
 
2016-cı ildə Fransada keçirilən Avropa çempionatında isə Caka qardaşlarının milli çərçivədə yaşıl meydanda qarşılaşması baş tutur. Qitə birinciliyində A qrupunda birgə mübarizə aparan İsveçrə və Albaniya milliləri iyunun 11-də üz-üzə gəlirlər. Hər iki Caka meydana start heyətində çıxır. Taulant Albaniya, Qranit isə İsveçrə formasında. Ən çox maraq doğuran məqamlardan biri isə oğullarının oyununu adətən tribunadan izləyən ana Cakanın bu matçda hansı övladına azarkeşlik edəcəyi idi. Elmaze oyuna yarısı Albaniya, yarısı isə İsveçrə bayrağı olan futbolkada gələrək, hamının maraqla gözlədiyi sualı cavablandırır. Xanım Cakanın ürəyinin yarısı Taulantın, yarısı isə Qranitin yanında idi. Oyun isə Qranitin üzvü olduğu, daha təcrübəli İsveçrə millisinin qələbəsi ilə yekunlaşır - 1:0. Ancaq həmin qitə birinciliyi Qranit üçün o qədər də uğurla nəticələnmir. İsveçrə millisi 1/8 finalda əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatmış matçın oyunsonrası penaltilər seriyasında Polşaya uduzaraq, mübarizəni dayandırır. Komandasının yeganə reallaşmayan penaltisini isə məhz Caka yerinə yetirir.

Bu cür uğursuzluq isə onun İsveçrə millisinə verdiyi töhfələrin üzərindən xətt çəkə bilməz. Qranit bir qayda olaraq, İsveçrə millisinin  meydanda ən çox döyüşən oyunçularındandır. Caka bu günə kimi İsveçrə millisində 57 oyun keçirib, 8 qola imza atıb. 25 yaşlı dayaq yarımmüdafiəçisi çox güman ki, DÇ-2018-də də, Braziliya, Serbiya və Kosta-Rika ilə matçlarda  yığmanın baş məşqçisi Vladimir Petkoviçin ən çox güvəndiyi futbolçulardan olacaq.
 
  
 
Əzmkar ata, vəfalı ana
 
Qranit Caka həmişə gecə həyatından uzaq, ailəsinə bağlı biri olub. Caka atasına heyrandır, onun vaxtilə Yuqoslaviyadakı totalitar rejimə qarşı mübarizəsinə qibtə edir. Tez-tez atası ilə həmin dövr, həbsə düşməsi ilə bağlı danışır. Ancaq hələ də, atasının ona həbsxanada yaşadığı dəhşətlərin hamısını danışmadığını düşünür. Anasının isə onun üçün ayrı yeri var. Raqip həbsə atılanda, Elmaze ilə cəmi 3 aylıq tanışlığı var idi. Buna baxmayaraq, Elmaze onun həbsdən çıxmasını düz 3,5 il gözləyir. O, müsahiblərinin birində anasının atasına qarşı bu vəfasını xüsusi qabardır. Qranitin özü kimi futbolçu olan böyük qardaşı Taulant barədə bəhs etdik. Onun özündən yaşca kiçik, Aqnesa adında bir bacısı da var.

Qranit ötən il ailə həyatı qurub. O, iyul ayında, bir müddətdir sevgili olduğu Kosovo albanı olan Leonita Lekay ilə evlənib.
 

Portret

Bu gün o, çıxış etdiyi "Arsenal" və İsveçrə millisinin dayağı (dayaq yarımmüdafiəçisi) funksiyasını daşıyır. Həm "topçular"ın baş məşqçisi Arsen Vengerin, həm də, millinin çalışdırıcısı Vladimir Petkoviçin etimadını qazanmağı tam bacarıb. Ədalətli, rəqiblərə qarşı hörmətli, ünsiyyətli - bunlar Qranitin əsas xüsusiyyətləridir. Bu xüsusiyyətlərə onun həm də, çalışqan, intizamlı və istedadlı olduğunu əlavə etsək, Cakanın hər bir məşqçinin sərəncamında görmək istədiyi futbolçu olduğunu görərik.

Milli.Az