Deputat: "İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi qərarı xalqın mövqeyini ifadə edir"

12 Fevral 2018 08:12

Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayında partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar bilavasitə xalqın mövqeyini ifadə edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, bu qərar cəmiyyətimizdə geniş müzakirə olunur və çox yüksək qiymətləndirilir:

"Öz sıralarında 700 min nəfərdən çox insanı birləşdirən YAP ümumxalq partiyası statusu qazanıb. Çünki ümummilli lider Heydər Əliyevin qurucusu olduğu partiyanın amalı xalqımıza və dövlətimizə xidmət etməkdən ibarət olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənərək regionun ən böyük siyasi qüvvəsinə çevrilib".

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə xalqın böyük etimadını qazanıb:

"Prezident İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ölkəmiz bütün sahələr üzrə misilsiz nailiyyətlər qazanıb. Məhz dövlət başçısının siyasətinin nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi göstəricilər dəfələrlə artıb, eləcə də, beynəlxalq müstəvidə mövqeyimiz daha da güclənib. Bu nəticələr məhz Prezidentin düşünülmüş, qətiyyətli siyasəti sayəsində əldə olunub. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsinin ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılanmasının ciddi əsasları var".

Qeyd edək ki, YAP-ın 2018-ci il fevralın 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Milli.Az