Allah Təala niyə Quranda zamana and içir?

13 Fevral 2018 23:10

Əgər Quran ayələrinə nəzər salaq görərik ki, Allah bir çox yerdə vaxta və zamana and içmişdir? Bəs bunun səbəbi nədir?

"And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına), Və (and olsun) on gecəyə(İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə), Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan "şəfi" və "vətr" namazına), Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir)". ("Fəcr" 1-4).

"And olsun günəşin doğmasına və aydın gündüzə. And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki". ("Zuha" 1-2).

"And olsun (hər yeri zülmətə) bürüməkdə olan gecəyə; And olsun, cilvələnməkdə olan gündüzə". ("Ləyl" 1-2).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər bu ayələrə diqqətlə baxsaq görərik ki, Allah Təala bizləri bu nemətə tərəf yönəltmək istəyir. İstəyir ki, bu misilsiz nemətə diqqət göstərək və onun dəyərini bilək. Allah Təbarəkə və Təala zaman nemətinin sayəsində istəyir ki, bəndəsi onun ixtiyarına qoyduğu gizli istedadlarını və qabiliyyətlərini üzə çıxartsın və inkişaf etsin. Əgər insan öz zamanını düzgün tənzim edə bilərsə, o zaman ömrü hədər getməz və axirətdə də təəssüf edənlərdən olmaz.

Zamanı düzgün tənzim etmək çox mühüm mövzulardandır və Məsumlarımız (ə) da bununla bağlı bizlərə tövsiyə və nəsihətlər vermişdilər.

Əmirəl-möminin (ə) buyurur: "Mömin gərək gecə və gündüzünü üç hissəyə bölsün: Allahla ibadət zamanı, həyat xərclərini təmin etmək üçün ruzi qazanmaq zamanı, nəfsi halal ləzzətlərə məcbur etmək zamanı (yəni, istirahət zamanı)".

İnsan zaman nemətinin əhəmiyyətini o zaman dərk edər ki, əcəli gəlib çatar. Əli dünyadan və onda olanlardan üzülər. Başa düşər ki, bu dünyada bir saniyəsi belə qalmamışdır. "Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır". ("Yunus" 45).

Qurani-Kərim bəzi insanların halından danışır ki, öləndən sonra Allahdan dünyaya qayıtmaq üçün yeni fürsətlər istəyərlər. "(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha)deyər: "Ey Rəbbim, məni (dünyaya) qaytar"". ("Muminun" 99).

Ancaq Allah Təala əcəli çatmış birinə bir daha fürsət vermir və onu yenidən dünyaya qaytarmır. Allah zamana and içərək, insana bu neməti xatırladır və deyir ki, hələ ki, fürsətin var və hələ ki, əcəlin gəlib çatmayıbdır, axirətin üçün bir iş gör və əliboş getmə. Zamanını elə tənzim et ki, Qiyamətdə sənə verilən ən mühüm suala cavab verə biləsən. Belə ki, Qiyamətdə verilən mühüm suallardan biri də bu olacaqdır ki, cavanlığını nəyə xərcləmisən? Nə etmisən və nə qazanmısan?

Allah Təala biz insanlara çox sayda nemət vermişdir. Bu nemətlərin bəzisini geri qaytarmaq mümkündür. Ancaq zaman elə bir nemətdir ki, hər an bizi tərk etməkdədir və bizi axirətə yaxınlaşdırmaqdadır. Onu hər an əldən veririk. Ona görə də gərək bu nemətin qədrini bilək və onu əldən verməmiş bəhrələnək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində