Dünya: yardımçı, ya qərq edən?!

13 Fevral 2018 21:45

Bismilləhir-Rahmənir-Rahim!

İnsanın mənəvi mühitdə yaşaması - öz-özünə baş verən bir avtomatik məsələ deyil. İnsan gərək səy etsin, öz ətrafında mənəvi mühitin, təmizləyici bir auranın yaranmasına öz töhfəsini versin. Bu töhfəni vermək üçün isə Allah Təala insana kifayət qədər imkanlar təqdim etmişdir. Bu fürsətləri görmək və gündəlik həyatda İlahi nemətlərdən yararlanmaq imkanı isə insanın iradəvi fəaliyyətindən asılıdır.

Allah Təala cəmi insanları bu fürsətlərdən ən gözəl şəkildə istifadə edənlərdən qərar versin, inşəallah!

Ümmətin süst məqamı

Günlərin birində Peyğəmbərimiz (s) üzünü səhabələrinə tutub buyurmuşdur: "Tezliklə millətlər, ac adamlar yemək kasasına hücum edən kimi, sizə hücum edər".

Bu zaman bir nəfər soruşdu: "Bunun səbəbi həmin vaxt bizim sayımızın az olmasıdırmı?".

Həzrət Peyğəmbər (s) buyurdu: "Əksinə, sayınız çox olar, amma sel üzərindəki köpük və çör-çöp kimi olarsınız, Allah sizin heybət və əzəmətinizi düşmənlərinizin qəlbindən çıxarar, sizin qəlblərinizə qüvvətsizlik və süstlük salar".

Dinləyənlərdən bir nəfər soruşdu: "Ey Allahın Rəsulu! Qüvvətsizlik və süstlük nədir?".

Buyurdu: "Dünya məhəbbəti və ölümdən çəkinmək, qorxmaq".

Sanki günümüz üçün deyilmiş sözlərdir. Artıq Qarabağın, Qüdsün işğalı adiləşmişdir ümmət üçün. Erməni işğalçıları həqarət edirlər, torpaqlarımızın qayıtmamağı barədə bəyanatlar verməyə cürət edirlər. Sionist vandalları dünyanın gözü önündə fələstinli körpələri qanına qəltan edir, ümmət isə sanki ağzına su almış kimi susur.

Türk millətini soyqırımda ittiham edirlər, erməni təxribatçılığının aradan qaldırılmasını soyqırım aldandırıb türkü aşağılamaq istəyirlər, özü də bunu rəsmi səviyyədə edirlər, ümmətdən səs çıxmır ki, çıxmır. Özlərinin min bir cinayət törətmələrinə, xalqları qırıb, torpaqları viran etmələrinə rəğmən, türkü soyqırım törədən şəklində təqdim edib alçaldırlar. Peyğəmbərimizin (s) müqəddəs şəxsiyyətinin müxtəlif zatı haram ünsürlər, mürtədlər tərəfindən təhqir edilməsi elə bil adiləşib artıq. Yavaş-yavaş müsəlmanları sanki öyrəşdirirlər laqeydliyə, vecsizliyə. Yavaş-yavaş müsəlmanların yadından çıxardırlar onların kimliyini. Dünyanın hədəf yox, bir vasitə olduğunu unutdurmağa çalışdılar müsəlmanlara. Dünyanın axirət üçün əkin yeri olduğunu unutdurdular böyük bir qisim müsəlman üçün.

Əksinə, dünyanı hədəf olaraq seçdi özünə müsləmanlar. Dünyanın aldadıcı "şirinliyinə" aldanaraq, yüksək amallar, məfkurə üçün həsr etmədilər ömürlərini. Ölümdən qorxdular, ölümün həyatın bir formasından digərinə keçid olmasını unutdular, ölümü mövcudiyyətin sonu kimi qəbul etdilər müsəlmanlar.

Belə unutmalar izsiz keçmədi. Yalnızca unutmaqla iş bitmir ki! Bu unutqanlıq qəlbləri hisləndirdi, paslandırdı. Bu unutqanlıqlar heybəti və zəhmi yuyub apardı müsəlmanların qəlbindən. Ətalət və süstlüyü, laqeydliyi doldurdu qəlblərə. Müsəlmanların əzəməti və xofu götürüldü düşmənlərin gözündən. Müsəlmanların sayı çox oldu, amma sel üzərində köpük kimi təsirsiz oldular.

Acı reallıq odur ki, bu qədər insanın gözü önündə baş verir bəşəri cinayətlər, müsəlman torpaqlarının - Qarabağın, Qüdsün və digərlərinin işğalı davam edir. Bunun da hamısının bir səbəbi, bir adı var - biganəlik.

Qəlb riqqətini qorumaq

İslami kimliyini yada salmaqla insan öz təqdiratını müəyyən edir. Nəinki tək fərd olaraq öz təqdiratını müəyyən etməklə iş bitir, bütövlükdə ümmətin təqdiratı asılıdır hər bir insanın özünə nəzər yetirməsindən. Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini düşündükdə, bu vücudi suallara diqqət yetirdikdə, bunlardan irəli gələn nə etməli olduğu sualına cavab axtardıqda, vəzifəsini, təklifini müəyyən etdikdə - həqiqətdə müsəlman ola bilir insan.

Mübarək mahiyyət var bu axtarışlarda. İpəkqurduna bənzəmək istəməyən bəndənin, İNSAN olmaq istəyən, ruhu təmiz, qəlbi gözəlliklərlə dolu bir durumda Rəbbinin hüzurunda durmaq istəyən bəndənin həyəcanı var burada.

Hər bir kəs ki, hidayət olmaq istəyir, İslam dini onun bütün vücudi suallarını cavablandırmağa hazırdır. Təki insan haqqa doğru qayıtmaq istəsin, onu düşündürən hər bir problemin həllini dində mütləq tapacaqdır.

Müqəddəs dinimizin insan yetişdirmək konsepsiyasında mərkəzi yeri məhz qəlbin durumu tutur. İnsan zahirdə çox gözəl işlər görə bilər, təqvalı görünə bilər. Amma qəlbi yumşaq saxlamaq, həssas olmaq, laqeydlikdən uzaq olmaq - insanın bəndə dərəcəsinə yetişməsi üçün əsas şərtlərdəndir.

Dinimiz qəlbin həssaslığına böyük yer ayırmışdır. Möminlərin Əmiri Həzrət Əlinin (ə) bütün həyatı bu qəlbiyumşaqlığa misaldır. Həmin Əli (ə) ki, düşmənlərlə döyüşdə hamıya nümunə idi, qabağında dayanan yox idi.

O Əli (ə) ki, Xəndək döyüşündə müşrik ordusunun ən aparıcı şəxslərindən olan lənətlik Əmr ibn Əbdüvədə vurduğu qılınc zərbəsini Həzrət Peyğəmbər (s) misilsiz adlandırmışdır - həmin o Əli (ə) yetimi görəndə riqqətdən dizləri əsirdi. Hər işini atıb, yetim uşağı ovundurmaq, könlünü almaq üçün əlindən gələni edirdi.

Həmin Əli (ə) elmdə də birinci idi, ailə qayğısına, övladlarına nəvazişdə də birinci idi, nümunəvi həyat yoldaşı idi, ədalətdə, əxlaqda, mənəviyyatda, ibadətdə, ixlasda da birinci idi.

Rəsuli-Əkrəmin (s) kamil insan yetişdirmək məktəbinin ən gözəl yetirməsi idi Həzrət Əli (ə). Və hər şeydən öncə, bu kamillik zəiflərə, yetimlərə, yoxsullara, ahıllara münasibətdə özünü ən parlaq surətdə göstərir. Cəmiyyətin ən müdafiəsiz üzvlərinə xüsusi diqqət və məhəbbətdə təzahür edilir Əli (ə) kamalı, Əli (ə) dühası. Allah Təala hər bir mömini bu yolla getməyə müvəffəq etsin!

Qəlbi əsir edən bütlər

Ariflərimiz kamil insan anlayışını çatdırmaq istədikdə, qeyd edirlər ki, kamil insan - həyatın bütün səhnələrinin qəhrəmanıdır. Evdə, çöldə, cəmiyyətdə, hər bir vəziyyətdə, hər bir rəftarında, həyatın hər bir sahəsində: istər elm, istər əmək, istər mücadilə olsun - hər bir işdə qabaqda olmalıdır kamil insan. Ən səbirli, ən şücaətli, ən savadlı, ən əxlaqlı, ən təqvalı olmalıdır kamil insan.

Qəbul etmir yarımçılığı dinimiz. Əgər insan iddialıdırsa təqvalılığa, cəmiyyətin işlərində də fəal iştirak etməlidir. Və əgər fəal insandırsa, mütləq təqva və əxlaqda da müvafiq duruma malik olmalıdır.

Heyifdir bu həyat ki, insana bir dəfə verilir, onun-bunun nökərliyində, zəlalətdə keçirilsin. Heyifdir bu həyat zombiləşmiş bir durumda - işdən-evə, evdən-işə, həftədə 1-2 dəfə də eyş-işrətdə keçirilsin. Heyifdir bu İlahi əmanət ki, boş-boş məşğuliyyətlərdə israf edilsin!

Sındırılmalıdır insanı əsir edən vərdiş bütləri. İnsanı inkişaf etməyə qoymayan, onu işlək heyvan tək başını qaldırmadan qarnını doydurub, nəfslərini xoşhal etməyə görə çalışmağa vadar edən stereotip və komplekslər rədd edilməlidir.

Əziz Peyğəmbərimiz (s) təkcə Kəbə evini tutan bütləri sındırmadı ki! Cahiliyyət dövrünün nə bütü var idisə, hamısın sındırdı Allah Elçisi (s). Qız uşağını diri-diri torpağa basdırmağa, qadına əşyatək münasibət bəsləməyə, savadsızlığı dəbə mindirən, adam öldürməyi şücaət bilməyə rəvac verən vəhşi ənənələri sındırdi Peyğəmbərimiz (s). Həzrət Xədicə (s.ə), Həzrət Fatimə (s.ə), Həzrət Zeynəb (s.ə) fenomenləri çıxdı ortalığa. Həzrət Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) kimi nümunələr təqdim edildi bəşəriyyətə. Bunlardır İslam, budur İslam.

İndi zaman-zaman müxtəlif xurafatçılar gəlib İslam pərdəsi altında cahiliyyətə xas vandallıqları bərpa etməyə cəhd edirlər. İfşa olunmalıdır onlar. Müqəddəs dinimizin adına nə mənfiliyi çıxmaq istəyirlərsə-istəsinlər, bu, baş tutan deyil, inşəallah. İslamın parlaq günəşi onsuz da qara buludların arxasından parlayacaq və ona yapışdırmaq istədikləri çirkinlikləri rədd edəcəkdir!

Dünyaya məhəbbət qəlbi kar edər

Hər gün sındırılmalıdır bu bütlər. Sındırılmalıdır tənbəllik, məzlumluq, laqeydlik, biganəlik, rəhmsizlik bütləri, insanın vücudunu buxovda saxlayan cahillik və nadanlıq bütləri. Ən təhlükəli bütlərdən biri də vərdiş bütüdür. İnsan öyrəşir nəyisə necəsə etməyə. Və düşünmür ki, Allah necə istəyir. Düşünmür ki, Allah ondan nə istəyir. Deyir, "mən filan şeyə adət etmişəm". İnkişaf yoxdur mənfiliklərə adət etməklərdə.

İnsan gərək adət etsin özünü təftiş etməyə, hərəkətlərinə tənqidi yanaşmağa, düşünməyə, təhlilə. İnsan gərək vərdiş etsin əxlaqlı davranmağa, mənəviyyatlı rəftar etməyə, qohumlarla əlaqəni kəsməməyə, yaxşılıq etməyə, qəlbi yumşaq saxlamağa, yetimə qayğı göstərməyə. Belə adətlər, belə vərdişlər mələkə olduqda, insan vücudunun ayrılmaz hissəsinə çevrildikdə - burada inkişaf var, tərəqqi var.

Öncə qeyd etdik ki, insanın süstlüyünün əsas baiskarı - dünyaya məhəbbətdir. Yəni, insan vərdiş edir dünyanın aldadıcı parıltısına, davam gətirmir bu virtual təzyiqə. Nəticədə də, süstlük və laqeydlik bürüyür onun vücudunu. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Dünya məhəbbəti hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır".

Əgər dünya vasitədən məqsədə çevrilirsə, bu halda günahın başlanğıcı olur. Həzrət Əli buyurur: "Dünyaya məhəbbət ağlı zay, qəlbi kar edər, (insanın) qəlbi hikməti eşitməz və (bu vəziyyət) ağrılı əzaba səbəb olar".

Dinimiz insanın gözünü açır dünyaya bağlılığın özü ilə gətirdiyi fəsadlara. Düşünən insan bunlardan ibrət götürməlidir.

Axirətin əkin yeri

Maraqlı cəhətdir ki, "dünya" məfhumu dinimizin məntiqində həm mənfi, həm də müsbət mənada işlədilir. Burada əsas məqam - dünyaya düzgün münasibətdir. "Dünya - axirətin əkin sahəsidir" - buyurmuşdur Böyük İslam Peyğəmbəri (s).

Həzrət Əlidən (ə) nəql edilən hədisdə dünyanın digər təyinatları açıqlanır: "Həqiqətən, pak və müqəddəs Allah dünyanı, (dünyadan) sonra üçün yaratmışdır. Dünya əhlini burada imtahana çəkir ki, kimin ən yaxşı əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış və burada qalıb çalışmağa əmr olunmamışıq".

İmam Muhəmməd Baqir (ə) buyurur: "Dünya axirət üçün necə də gözəl köməkçidir!".

Beləliklə, dünya insanların istedadlarının açıqlanması, üzə çıxması, yaxşı əməl sahibinin pis əməl sahibindən fərqlənməsi, axirət azuqəsi toplamaq məkanı, xoş aqibətlə rastlaşmaq, nicata yetişmək üçün müvafiq şəraitin təqdim edildiyi yer kimi səciyyələnən çox nəcib bir kateqoriyadır. Dünya insanın durumunun, qabiliyyətlərinin realizəsi üçün ən gözəl fürsətlər təklif edir. Amma burada qalmaq missiyası yoxdur insanın.

Əgər insan dünyanı hədəf seçirsə, vəziyyət tam dəyişir. Belə halda dünya nemətlikdən çıxıb, zəlillik mənbəyinə çevrilir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Dünya lənətlənmişdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa, hamısı lənətlənmişdir".

Həzrət Əlidən (ə) nəql edirlər: "Dünya - ən alçaq, aşağı şey olduğu üçün "dünya" adlandırılmışdır. Axirətə isə, orada əvəz və mükafat olduğuna görə "axirət" deyilir".

İmam Səccad (ə) buyurmuşdur: "Dünya iki növdür: axirətə çatdıra biləcək hədd olan dünya və bir də (axirətdən çəkindirən) lənətlənmiş dünya".

İnsana hər məlumatı təqdim etmişdir Mütəal Allah. Yaxşını seçsə, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) qovuşar. Pisi seçsə, lənətlik yezidlərlə, müaviyələrlə, əbuləhəblərlə bir yerdə olar.

Dünya kölgə kimidir

Dünyadan uzaqlaşan kəsə dünya xidmətçidir. İslam Peyğəmbəri (s) buyurur: "Allah Təala dünyaya vəhy etdi: "Sənə xidmət edən kəsi əziyyətə sal, səndən uzaqlaşana isə xidmət et"".

Dünyanın məsəli kölgə təkidir. Ona çatmaq istəyən hər zaman əliboş olar. Ona əhəmiyyət verməyən isə muradına çatar. Həzərt Əli (ə) buyurur: "Dünyanın məsəli kölgəyə bənzər. Sən dayansan, o da dayanar. Əgər dalınca getsən, səndən uzaqlaşar".

Dinimizin nəzərində dünya bir əfi ilan kimidir. Başa düşməyən, onun daxilində olan ölümcül təhlükəni görməz. Özü də bu ölümcüllük ən mühüm bir məsələyə aiddir - insanın əbədi aqibətinə təsir göstərir. İmam Museyi-Kazımdan (ə) nəql edirlər: "Dünya ilana bənzər. Ona sığal çəkərkən (dərisinin) yumşaqlığını hiss edirsən, amma onun daxilində öldürücü zəhər var. Ağıllı insanlar ondan çəkinər, uşaqlar isə ona tərəf əl uzadarlar".

İslam məntiqinə görə, dünyaya aludə olan şəxs əqli həddi-büluğa çatmamışdır, bir uşaq kimidir. Bəyəndiyi şeyə əl uzadır və onda olan təhlükəyə əhəmiyyət vermir.

Digər yerdə dinimiz dünyadan doymaq istəyənin xam xəyala qapıldığını vurğulayır. İmam Museyi-Kazım (ə) buyurur: "Dünya dəniz suyuna bənzər. Təşnə (susuz) insan ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər".

İmam Kazımdan (ə) nəql edilən digər hədisdə bildirilir: "Loğman öz oğluna dedi: "Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmi gərək İlahi təqva, onun yükü - iman, yelkəni - təvəkkül, kapitanı - ağıl, yol göstərəni - elm və sükanı da səbir olsun"".

Ümmət istəyirsə süstlükdən, qüvvətsizlikdən qurtulsun, gərək Həzrət Loğmanın tövsiyələrinə diqqət yetirsin. Allah Təala cəmi insanlara bu tofiqatı qismət etsin!

Allahım, bizləri qəlb riqqətinə, İslami rəhmə malik olanlardan, təqva nemətinə, iman yükünə, əql və helmə, təvəkkülə sahib olanlardan qərar ver!

Allahım, bizləri Həzrət Peyğəmbər (s) və Əhli-Beytin (ə) həqiqi davamçılarından qərar ver!

Allahım, işğal altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində