Qrizmann qolunu dünyasını dəyişən 15 yaşlı futbolçuya həsr etdi

11 Fevral 2018 18:30

"Atletico" İspaniya Primerasının 23-cü turunda "Malaga" səfərindən qələbə ilə dönüb - 1:0. Madrid klubuna qalibiyyət gətirən qolu 40-cı saniyədə Antuan Qrizmann rəqibin qapısından keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı hücumçu bu qolu ötən həftə dünyasını dəyişən Naço Barberaya həsr edib. "Alzira" klubunun 15 yaşlı futbolçusu ürəyindəki problem səbəbindən vəfat etmişdi.

"Bu oyunu Naçoya həsr edirik. Bu cür itkilər çox kədərlidir. Çətin olacağını bilsək də, qələbə qazanmaq önəmli idi" - Qrizmann deyib.

Əndəlus səfəri "Atletico"nun çalışdırıcısı Diyeqo Simeone üçün xüsusi əhəmiyyət kəsb edib. Argentinalı mütəxəsis Madrid klubunun sükanı arxasında 150-ci La Liqa qələbəsini qeyd edib. Onun komandası ilk 23 turdan sonra qapısından cəmi 9 qol buraxaraq "Deportivo"nun 1993/94 mövsümündəki nəticəsini təkrarlayıb.

Milli.Az