Bakıda DƏHŞƏT: İçərisində sərnişinlər olan avtobus yandı - YENİLƏNİB - VİDEO

11 Fevral 2018 22:26

22:26

Bakıda avtobus yanıb. Hadisə bu gün səhər saatlarında metronun koroğlu stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzində baş verib.

Pirşağı-Koroğlu metro stansiyası istiqamətində işləyən 173 saylı sərnişin avtobusunun mühərrik hissəsi qəfil yanmağa başlayıb. Dərhal sərnişinlər avtobusdan düşürülüb. Əraziyə yanğın söndürən çağırılıb, yanğın qısa zaman ərzində söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Bu xətdə işləyən sürücülər avtobusların hər gün yoxlanıldığını bildirirlər.

Yanan avtobusla bağı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb. Açıqlamada bildirilir ki, sözügedən avtobus "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi''nin tabeliyindədir. Həmin müəssisə istehsalat bazasına malik olmasına baxmayaraq nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri düzgün aparılmır. Agentlik tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisə tərəfindən avtobuslar əsaslı təmir edilərək saz vəziyyətə gətirilmir.

"3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsə"dən isə bildirildi ki, avtobuslar gündəlik yoxlanıldıqdan sonra xəttə buraxılır. Yanğın söndürüldükdən sonra avtobus təmir edilməsi üçün qaraja gətirilib. 173 saylı avtobuslar ən qısa zamanda xaricdən yeni gətiriləcək müasir tələblərə cavab verən avtobuslarla əvəz ediləcək. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda içərisində sərnişinlər olan avtobus yandı

----------

13:02

Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.

Milli.Az bildirir ki, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib. 

Məlumat üçün bildiririk ki, 173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla xüsusən də avtobuslarının texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-yə xəbərdarlıqlar edib. Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və gün ərzində 141 Çağrı Mərkəzinə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib.

Qeyd edək ki, BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən son bir ildə müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək xəttə buraxılıb. 

Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Milli.Az