"Ramilin oyunu hələ alınmır" - Qurban Qurbanov

10 Fevral 2018 23:51

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qaldım. Meydanda çox düşündülər. "Qəbələ"yə isə gələn matçlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?

- Futbol elədir ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudur. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi futbolçular da var ki, onlara vaxt lazımdır. Təəssüf ki, hələ onda alınmır. Ona inamım böyükdür. Əsas odur, onda istək var.

- Bir də, oyundan sonra azarkeşlərlə nə danışdınız?

- Azarkeşlərimizi həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

- Qışda komandaya transfer etmədiniz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?

- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdür, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiniz?

- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiniz?

- Xeyr.

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədir?

- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, lazım olduqda 8 saat da işləməlidir. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdir ki, bu gün burdayıq, sabah burda olmaya bilərik.

- "Qarabağ"ın aşağı yaş qruplarında çalışa bilər?

- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdır. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar, ondan sonra bu barədə danışa bilərik.

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var?

- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə hər bir gənc futbolçu nəzarətimizdədir.

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?

- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində