Sənəti Zərnigarı... gənc Alim Qasımov, Pərvinin lüks həyatı, Sevdanın boğazı - HƏFTƏBECƏR

12 Fevral 2018 07:14

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (158-ci say) təqdim edir.

Sadəlik insanın ya qanında olmalıdır, ya da qanında olmalıdır. Təvazökar olmaq, sadəlik, zadəganlıq nə pulla satılmır, nə də kreditə vermirlər ki, bəzi sənətçilər 10-15 minə getdikləri məclislərdən, sponsorlardan qopardığı pullarla onları alsınlar. Muğam dinləyiciləri, yəqin ki, Mirələm Mirələmovu tanıyırlar. Çəkinmədən gənc Alim Qasımov deyə biləcəyim səsdir. Kim inanmasa, dinləyib mənə iradını bildirə bilər. Bu günlərdə özünə toy çaldıran gənc sənətkar bunu hər kəsdən gizlin edib. Mətbuat da bir neçə gün sonra xəbər tutub. Açıqlama alıblar, deyib ki, şəxsi həyatıyla gündəmə gəlmək istəmir:

"Toyum Bakı kəndlərindən birində oldu. Məclis günorta saatlarından gecə saatlarına kimi davam etdi. Sırf kişi məclisi idi, qadınlar yox idi. İstəmədim ki, toyum gündəm olsun, ona görə də mediaya qapalı etdim. Ailə həyatımı reklam etməyi xoşlamıram. Çox dost-tanış dedi ki, bəlkə gəlib çəkək, efirdə göstərək? Dedim ki, yox. Əsas xoşbəxtlikdir, onu da hamıya arzu edirəm".

Bu səsə, bu sanbala üç gündən bir "ərə gedəjəm", "villa tikdirirəm", "yeni tikilən binadan 200 kvadratmetrlik ev götürmüşəm", "kostyumum beş min manatdır" deyənlərin yüzü də qurban olsa, azdır. Konkret ad çəkməməyimin səbəbi odur ki, beşinin adını yazsam, şou aləminin yerdə qalan hissəsi özlərini bu meyardan kənar sayacaqlar.

Nüşabə Ələsgərli həyat yoldaşıyla fotosunu paylaşıb və onu tənqid edənlərə xitabən buyurub ki, yazıqlar, biz on iki ildir evliyik. Ümumiyyətlə, son zamanlar dəb halını alıb. Şou adamları, sanki, ərlərini, arvadlarını cəmiyyətə təqdim etməklə nəyisə sübut etməyə çalışırlar. Amma nəyi?

Sənət adamlarının sənətləri qədər geyimləri, şəxsi həyatları da tamaşaçı üçün maraqlıdır. Elə çox güman ki, aparıcı Zaur Kamal da bu marağı nəzərə alıb aktrisa-model Pərvin Abıyevaya belə bir sual ünvanlayıb:

"Pərvin, gəlirin haradandır ki, belə lüks həyat yaşayırsan?" sualına maraqlı reaksiyası ilə diqqət çəkib.

Pərvinin cavabı isə belə olub:

"Bu, kimə maraqlıdır ki?! Mən kimdənsə soruşuram neçəyə geyinirsən, haradan geyinirsən, necə yaşayırsan? O da mənim öz işimdir".

Axı böyük sənətkara, illərin aktrisasına belə sual verərlərmi? Adam Hollivudda əlliyə yaxın filmə çəkilib, üç türk serialından birində Pərvin baş roldadır, yerli filmlərimizin də, demək olar ki, hamısında var. Bəs bu lüks həyat Pərvində olmasın, bəs kimdə olsun? İkibaşlı suala görə aparıcını qınayıram. Həm də şiddətlə.

İlin-günün bu vaxtında iki məşhur gitara ifaçısı RəmişRəhman Məmmədli bir-birini təhqir etməyə başlayıblar. Birinin yaşı səksəni, o birinin yaşı isə altmışı haqlayıb e. Sonra da Telli Borçalını qınayırıq. Hələ mən Tunayla Pərvindən danışmıram.

Murad Dadaşov növbəti "Maşın" realiti qırışmasının vaxtını açıqlayıb. Mənə elə gəlir ki, bu şounun sayəsində Azərbaycanda az-çox hörmət sahibi olan sənət adamı qalmayacaq. Demirəm ki, şounu dayandırsınlar. Amma fikrimcə, "Maşın"ı "Fayton" edib atlar arasında, yaxud başqa canlılar arasında keçirməyin vaxtı çatıb. Tamaşaçıları da məhz sənətçilər olar. Necə təklifdi?

Rəqqasə Sevda Sanaliyeva rəhmətlik anasından danışıb. Deyib ki, bütün orqanlarını anasına vermək istəyirmiş. Ümumiyyətlə, insan belə addım atanda gərək dərindən düşünsün. Axı adam hər orqanını hətta anası olsa belə, kiməsə verməz. Tutaq ki, boğazını verdi anasına. Bəs sonra? Nə bilim vallah, şou adamlarından baş açmaq olur ki.

Bu həftə Azərbaycanın əfsanəvi aktrisalarından biri Zərnigar Ağakişiyeva vəfat etdi. Daha doğrusu, acı da olsa demək lazımdır ki, evində ölü vəziyyətdə tapıldı. Və Qubada - anasının yanında dəfn edildi. Heç doğru-dürüst vida mərasimi də keçirilmədi. Niyə? Nə səbəbə? Bu barədə dəqiq nəsə demək səlahiyyətim və rəsmi bilgim yoxdur. Ancaq məlum olan bir şey var ki, indi sənətkar olmaq, sanki, qəbahətə çevrilib. Həyatını sənətə qurban vermiş, övladı belə olmayan bir sənətkara Fəxri Xiyabanda bir metr yer tapılmadımı, görəsən? Axı mən bilən Fəxri Xiyabandan dəfn olunmaq üçün nə icradan, nə bələdiyyədən kağız, "kupça" lazım deyil. Bəlkə də belədir... Amma bəlkə...

Milli.Az