Yevda Abramov: "İsrail parlamentinin "erməni soyqrımı"nı qəbul etməsi real deyil"

28 Mart 2010 13:54
Türkiyə-İsrail münasibətlərindəki gərginlik pik həddinə çatıb. Belə ki,  İsrailin "İzRus" saytının məlumatına görə,  aprel ayında "erməni soyqırımı"nın tanınması ilə bağlı qərar layihəsi İsrail parlamentinin (Knessetin) müzakirəsinə çıxarılacaq.

Layihənin müəllifi müxalifətdəki solçu "Meretz" partiyasının lideri Haim Orondur. Ötən il Oronun təşəbbüsü Knesset tərəfindən dəstəklənməmişdi. Amma Türkiyə-İsrail münasibətlərindəki gərginlik səbəbindən İsrailin "erməni soyqırımı"nı tanıyacağı istisna edilmir.

Türkiyənin İslam dünyasına və xüsusən ərəb ölkələrinə yönəlik himayəçilik siyasəti də ötən il İsrail parlamentində "erməni soyqırımı"nın tanınmasının əleyhinə səs verənlərin mövqeyini zəiflədən əsas amillərdən biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı qaynar.info-ya açıqlama verən Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov İsrail parlamentində "erməni soyqırımı" layihəsinin qəbul olunmasının real olmadığını bildirib.

Onun sözlərinə görə, bu, sadəcə son vaxtlar Türkiyə və İsrail arasında gərginləşən münasibətlər fonunda İsrail tərəfindən təzyiq vasitəsi kimi ortaya atılan məsələ ola bilər: "Mən bu işlərin içində olan adam kimi Knessetin "erməni soyqırımı"nı qəbul edəcəyinə inanmıram. Sadəcə son vaxtlar Türkiyənin xarici siyasətdəki şıltaqlığı İsraili qıcıqlandırıb. Belə bir təşəbbüs ötən il də, ərəb meyilli "Meretz" partiyası tərəfindən olmuşdu. Lakin o zaman bizim səylərimiz nəticəsində bu layihə dəstəklənmədi. O zaman, İsrail Xarici İşlər Nazirliyi bu məsələnin parlamentdə bir daha müzakirə olunmaması ilə bağlı qərar qəbul etmişdi. Əgər o qərar indi də qüvvədədirsə, hesab edirəm ki, bu layihənin qəbulu mümkün olmayacaq. Məncə, bu İsraildəki ermənilərin təzyiqi nəticəsində meydana çıxan layihədir".

Y.Abramov İsrail parlamentinin "erməni soyqırımı" ilə bağlı layihəni dəstəkləyəcəyi təqdirdə Azərbaycanla bu ölkə arasındakı münasibətlərin gələcəyinə də toxunub: "Əgər belə bir qərar qəbul olunsa belə, məncə bunun İsrail-Azərbaycan münasibətlərinə elə bir ciddi təsiri olmayacaq. Şəxsi qənəatim ondan ibarətdir ki, Azərbaycan İsraillə bağlı siyasətində korrektələr etməyəcək. Amma bütövlükdə hadisələri qabaqlamağın tərəfdarı deyiləm".

Milli.Az