Bakı Şəhər Halqasının təşkilatçılığı ilə Gənclər Forumu keçirilib - FOTO

3 Fevral 2018 15:00

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral - Gənclər Günü münasibətilə Hokümət Evinin qarşısında yerləşən paddok binasında "Öz karyeranı qur!" mövzusunda forum təşkil edib.

Milli.Az bildirir ki, forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firuddin Qurbanov, BP Azərbaycan şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzova və millət vəkili Fuad Muradov natiq qismində iştirak etdilər.

Natiqlər foruma qatılan 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllülərinə öz gənclik illərinə dair həyat təcrübələrindən danışdılar, həmçinin, karyera quruculuğu ilə əlaqədar zəruri tövsiyələr verdilər.

Tədbirdə çıxış edən nazir A.Rəhimov gəncləri dəyişən şərtlərə uyğun yeni bacarıqlara yiyələnməyə dəvət etdi: "Dəyişən şərtlər yeni peşələrin yaranmasını zəruri edir. Bu peşələr də öz növbəsində yeni qabiliyyətlər tələb edir. Məlumdur ki, təhsil bu dəyişikliklərə hər zaman tam uyğunlaşa bilmir. Əksər hallarda ən yaxşısı məhz həmin bacarıqları işdə öyrənməkdir.

Siz karyeranızda irəlilədikcə yeni hədəflərə çatmaq üçün dəfələrlə yeni qabiliyyətlər qazanmağa ehtiyac duyacaqsınız. Burada vacib olan əsas məqam heç vaxt hədəflərdən yayınmamaqdır.

Bir sözlə sağlam olun, özünüzə inanın, milli dəyərlərə sadiq qalın, həyatınızı dərindən dərk edin və peşəkar hədəflərinizi tezliklə reallaşdırmağa çalışın."

ABŞ səfiri R.Sekuta çıxışında gənclərin ölkənin inkişafına böyük töhfə verdiyini bildirdi: "Azərbaycanda keçirilən idman yarışlarında iştirak edərkən məndə ən xoş təəssürat yaradan məqamlardan biri könüllülərin qonaqlara dostcasına münasibəti və onlara daima yardım etməyə hazır olmaları idi.

Çox sevindirici haldır ki, könüllülər hazırlıq müddətində yiyələndikləri bilik və bacarıqları idman tədbirlərində böyük məharətlə tətbiq edə bilirlər. Bu, uğurun və ölkənin inkişafının nişanəsidir".

Forumda öz həyat təcrübələrindən söhbət açan F.Qurbanov könüllüləri hər zaman şəxsi inkişafla bağlı səy göstərməyə çağırdı: "Yaranmış münbit şəraitdən yararlanmağa çalışın. Öz karyeranızı tələbəlik illərindən etibarən planlaşdırmağa başlayın. Bunun üçün qarşıya qoyduğunuz məqsəd və potensialınızı dəqiqliklə analiz edin.

Təhsil peşə seçimində çox önəmli faktordur. Ancaq bir kadr kimi daima öz üzərinizdə işləyin. Yalnız fədakarlıq və zəhmətlə öz məqsədinizə çata biləcəksiniz".

Beynəlxalq şirkətin yerli təmsilçisi L.Novruzova öz növbəsində davamlı yeni fürsətlər axtarışında olmağın zəruriliyindən danışdı: "Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, gəncin aldığı təhsillə arxasınca getmək istədiyi peşə üst-üstə düşməyə bilər. Əsas odur ki, planlı olun, bununla yanaşı daima yeniliklərə açıq olun və yeni bacarıqlara yiyələnin.

Texnologiya ilə ayaqlaşın. Plan və strategiyanızı dəyişməkdən qorxmayın. Hər zaman hardasa bir küncdə sizi gözləyən bir şans var, onu dəyərləndirin".

Millət vəkili Fuad Muradov çıxışında hədəfləri əvvəlcədən müəyyənləşdirməyin əhəmiyyətini diqqətə çatdırdı: "Gənclərə tövsiyə edərdim ki, karyera qurarkən ilk öncə məqsədlərini dəqiqləşdirsinlər və həmçinin dünyada baş verən trendlərdən xəbərdar olsunlar".

Üç yüzə yaxın könüllünün iştirak etdiyi forumun sonunda natiqlər auditoriyanı maraqlandıran sualları cavablandırdılar və əlamətdar gün münasibətilə könüllüləri təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzuladılar.

Bundan əlavə Gənclər Günü münasibətilə Dənizkənarı bulvarda "Yeddi gözəl" fəvvarəsinin önündə Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin yüksək fəaliyyətinə həsr olunmuş "instalyasiya"nın açılışı da olub. Həmin "instalyasiya"da ingilis dilində "We love #F1BakuVolunteers" (Biz Bakı Formula 1 könüllülərini sevirik) sözləri əks olunub.
 

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində