"Nizami" kinoteatrı seyrçiləri nə vaxt qəbul edə biləcək?

9 Avqust 2011 10:13
Artıq neçə müddətdir ki, "Nizami" kinoteatrında təmir-yenidənqurma işlərinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədovun "Olaylar"a verdiyi açıqlamaya görə, "Nizami" kinoteatrı öz qapılarını tamaşaçıların üzünə noyabr ayında açacaq:

"Açılış Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilən filmlə olacaq. Məlumat üçün deyim ki, beş il ərzində tərəfimizdən 15 film çəkilib. Həmin filmlərin hamısı təmirinə başlanılan "Nizami" kinoteatrında nümayiş olunacaq. Qəribəsi odur ki, yeni, gözəl filmlər çəkirik, amma həmin filmləri geniş ictimai kütləyə çatdıra bilmirik. Bu səbəbdən belə qərara gəlmişik ki, Azərbaycan filmlərinin hamısı "Nizami" kinoteatrında nümayiş etdirilsin. Həmin filmləri dünyaya tanıda bilməsək də, heç olmasa, öz tamaşaçılarımıza çatdıra bilək".

Şöbə müdiri C.Məmmədov bu ilin sonlarında kinoteatrda möhtəşəm kino festivalının da keçiriləcəyini bildirdi:

"Bir çoх ölkələrin, o cümlədən fransa filmlərinin festivalı təşkil olunacaq. Bu barədə danışıqlar gedir. Onu da deyim ki, bu cür festivallar ölkəmizdə tez-tez təşkil olunur. Bu il ərzində "Azərbaycanfilm" Kinostudiyasının əsaslı təmiri və bərpası da dövlət proqramına daхil edilib. Yaхın gələcəkdə bu baş tutacaq".

Milli.Az