"Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur, maliyyə vəziyyətimiz çox sabitdir".
Bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Gerçəkdən də, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir. Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var.
MDB məkanında bu göstəriciyə görə də birinci yerdəyik.
Ermənistana gəldikdə isə o, 45-ci yerdədir və buna görə də çox sevinir, toy-bayram edir. Biz isə üçüncü yerdəyik və bizdən qabaq ancaq inkişaf etmiş ölkələrdir, onların da sayı 30-dur. İnkişaf etmiş ölkələrin reytinqinə 30 ölkə daxil edilib və 80-ə yaxın ölkə inkişafda olan ölkədir. İnkişafda olan ölkələr arasında biz üçüncü yerdəyik. Deməli, dünya miqyasında inklüziv inkişaf indeksinə görə biz 33-cü yerdəyik. Rəqabətqabiliyyətliliyə görə isə 35-ci yerdəyik.
Bu rəqəmlər hər şeyi əyani şəkildə göstərir. Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq. Siyasətimiz xalqımızın maraqlarını təmin edir, dövlətimizi gücləndirir.

Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik
Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və artıq fəaliyyətə başlayır. Maraq da çox böyükdür, həm Davos Dünya İqtisadi Forumu çərçivəsində, həm digər forumlarda bu məsələ ciddi şəkildə müzakirə edilir. Demək olar ki, bu, dünyanın gündəliyində duran infrastruktur-nəqliyyat layihələri arasında xüsusi yer tutan layihədir.
Analitiklər, ekspertlər bu layihənin icrasında Azərbaycan dövlətinin rolunu xüsusi qeyd edirlər və yüksək qiymətləndirirlər.
İndi çalışmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görülsün və əlbəttə ki, görüləcək. Yeni vaqonların, sisternlərin, gəmilərin istehsalı, konteynerlərin alınması istiqamətində müvafiq göstərişlər verilmişdir. Artıq Asiyadan Qərb istiqamətinə yüklərin sayı gündən-günə artmaqdadır.
Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail ola bilmişik.
Bu il Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması istiqamətində işlər görüləcək. Təbii ki, bu yol fəaliyyətdədir. Ancaq biz bu yolu modernləşdirməliyik ki, sürət artsın. Çünki Bakı-Tbilisi-Qars yolu ilə göndəriləcək çox böyük yüklər gözləyirik. Ona görə qatarların sürəti yüksək olmalıdır və eyni zamanda, bu, vətəndaşlar üçün də çox önəmlidir. Sürət yüksək olduqda əminəm ki, vətəndaşlar qərb istiqamətinə, qərb bölgəsindəki şəhərlərə qatarla getməyə üstünlük verəcəklər. Xüsusilə nəzərə alsaq ki, yeni, müasir sərnişin qatarları da alınır və alınacaq, çox rahat gediş-gəliş təmin ediləcək.
Azərbaycan öz ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri görüb.
Ancaq növbəti illərdə biz bu xətti də ölkə ərazisində tədricən yenidən qurmalıyıq. Çünki bu istiqamət üzrə də böyük yüklər gözlənilir. Mövcud dəmir yolu infrastrukturu bu yükləri ötürə bilməyəcək. Ona görə builki investisiya proqramında Bakı-Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması, təmiri, çəkilişi nəzərdə tutulub, vəsait də ayrılıb və işlər dərhal başlamalıdır.
Bu il Bakı-Yalama istiqamətində tikinti işləri aparılacaqdır. Bakı-Astara istiqamətində isə bu il daha çox layihələndirmə işləri aparılmalıdır. Çünki yolun bir hissəsi sahil boyunca gedir. Bu, həm vətəndaşlara narahatlıq gətirir, həm də cənub zonasının turizm imkanlarını məhdudlaşdırır, eyni zamanda, istədiyimiz həcmdə yüklərin daşınması üçün şərait yaratmır. Ona görə biz bu iki önəmli layihəni investisiya proqramımıza daxil etmişik. Bu il və gələn il bu işlər sürətlə aparılmalıdır.
Bu il, eyni zamanda, Bakı şəhərətrafı dairəvi dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu da şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox önəmli layihədir.
Bakının və Bakıətrafı qəsəbələrin sakinləri bunun nə dərəcədə böyük xeyri olacağını hiss edəcəklər.

Qəbələyə dəmir yolu çəkilməlidir
Eyni zamanda, turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək.
Tərəvəz istehsalı və ixracının kəskin artacağı gözlənilir
"Bu il bizdə tərəvəz istehsalı və ixracı kəskin artacaq. Ölkəmizdə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır. Onların bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu proses geniş vüsət alıb, çox böyük maraq, çox böyük gəlir var. Sahibkarlar da bundan çox faydalanırlar".
Bunu Prezident İlham Əliyev söyləyib.
O, Azərbaycanın ixracla bağlı probleminin də olmadığını dıqqətə çatdırıb:
"İxracla bağlı bizim heç bir problemimiz yoxdur. Biz yeni ixrac bazarlarına çıxırıq və çıxacağıq. Ancaq unutmamalıyıq ki, ənənəvi ixrac bazarlarımız bizim üçün ən əlverişli bazarlardır. Ona görə istixanaların yaradılması prosesi sürətlə gedir. İxrac da ciddi şəkildə artır və artacaq. İndi biz özümüzü tərəvəzlə nəinki tam təmin edirik, bizim böyük ixrac imkanımız var. Ona görə 400 hektardan çox sahədə salınan istixanaların hamısı məhsul ixrac edəcək. Sahibkarlar indidən öz partnyorları ilə iş qursunlar, onları dəvət eləsinlər, göstərsinlər, Azərbaycan məhsullarının üstünlüyünü izah etsinlər. Dövlət əlbəttə ki, bu sahədə də öz dəstəyini göstərir. Dövlət qurumları bu işlərlə məşğuldurlar. Qida təhlükəsizliyi qurumu ciddi məşğul olmalıdır. Sahibkarlar özləri də məsuliyyətli olmalıdırlar. Onlar elə bir keyfiyyətli məhsul yetişdirməlidirlər ki, ixracla heç bir problem olmasın. Çünki 400 hektarda yaradılan bu istixanalar daxili bazar üçün hesablanmayıb. Ona görə burada bazarlara adekvat şəkildə məhsulların istehsalı da təşkil edilməlidir. Yəni, mənim tövsiyəm ondan ibarətdir ki, burada, sadəcə olaraq, bir məhsul deyil, çox çeşiddə məhsul yetişdirilməlidir".
Prezidentin sözlərinə görə, keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib:

"Buna da böyük tələbat, böyük maraq var. Ancaq yenə də deyirəm, 400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır, əlbəttə ki, dövlət qurumlarının nəzarəti altında və köməyi ilə".
Meyvə istehsalı bizdə artır və artacaq. Xurma ixracı keçən il 90 milyon dollar səviyyəsində olub. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. İki il ərzində 1800 hektarda nar bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib.
20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək
Bu il 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək.
Məcburi köçkünlər üçün yeni binaların, evlərin tikintisi davam etdiriləcək: "Bu məsələyə çox böyük diqqət göstərilir. Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və Ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilibdir.
Bu layihələrin icrası, eyni zamanda, onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək.
Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu il 20 min köçkün yeni evlərlə təmin ediləcək. Keçən il biz 12 min köçkünü yerləşdirdik. Bu il 4 min ailəyə - ən azı 20 min köçkünə yeni evlər veriləcək. Beləliklə, evlərlə, mənzillərlə, yaxşı şəraitlə təmin ediləcək köçkünlərin sayı təqribən 290 minə yaxın olacaq. Ancaq bu, minimum proqramdır, əgər il ərzində imkan olarsa, biz bu sayı artıracağıq.
Bölgələrdə yeni otellər tikilməlidir
Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var:
Bunu əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş minə yaxın artıb. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək.
Ona görə də bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.
Biznes qurumları sosial məsuliyyətini dərk etməlidir
Dövlətin iş adamlarına yaratdığı şəraitin müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər.
Bu il biz özünüməşğulluq proqramını daha da böyük həcmdə icra edəcəyik. Bu proqramın icrasına başlanıb.
Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək.
Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür. Çünki bu gün hələ də ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, öz ailələrini halal zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar. Dövlət isə öz dəstəyini göstərəcək, lazım olan texnikanı, vasitələri pulsuz verəcək ki, onlar öz işlərini qura bilsinlər. Əgər biz hər il 6-7 min ailə üçün belə şərait yaratsaq, onda sosial yardıma heç kimin ehtiyacı olmayacaq.

Bu il biz, eyni zamanda, "Ailə Biznesinə Asan Dəstək" layihəsinin sürətli inkişafını görəcəyik. "ABAD" mərkəzlər artıq yaradılır və mən, ümumiyyətlə, bu şəraitlə, imkanlarla tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar. Yenə də dövlət bütün öhdəliyi, bütün yükü öz üzərinə götürür. Fermerlərə, ailələrə konteynerlər, metodik tövsiyələr verilir, şərait yaradılır ki, onlar öz həyatlarını daha da yaxşılaşdıra bilsinlər. Bu günə qədər bu imkanlardan yararlanan fermerlər yaxşı məhsul istehsal edirlər. Bal, mürəbbə, ət və süd məhsulları, suvenirlər istehsal olunur. İndi ölkəmizə gələn turistlərin sayı kəskin şəkildə artır. Ona görə hər bir turist maraqlıdır ki, hansısa bir suvenir alsın. Əfsuslar olsun ki, bizdə bu günə qədər şəhərdə satılan, yəni, şəhərimizi, ölkəmizi əks etdirən bu suvenirlər xaricdə istehsal edilir. Ona görə də bu, böyük bir qüsur, böyük bir boşluq idi. İndi çalışmalıyıq ki, bu suvenirlər Azərbaycanda istehsal olunsun və "ABAD" bu sahədə də öz işini görür.
"ABAD"la bağlı isə... Təbii, struktur öz üzərinə düşən funksiyaları yerinə yetirir. Lakin böyük biznes şirkətləri bu sahədə daha fəal olmalıdırlar.
Dövlət iş adamlarına bu qədər şərait yaradır, həm siyasi dəstək, həm də maliyyə dəstəyi göstərir, iki milyard manatdan çox güzəştli kreditlər verilib. Fermerlərə bu qədər güzəştlər edilir, yanacaq, gübrə, subsidiyalar, texnika dövlət tərəfindən verilir. Fermerlər vergilərdən azaddırlar, təkcə torpaq vergisindən başqa. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, islahatların aparılması istiqamətində bu qədər işlər görülür və beynəlxalq qurumlar da bunu qeyd edirlər. Bunun müqabilində iri biznes qurumları gərək öz sosial məsuliyyətini dərk etsinlər. Sosial məsuliyyət təkcə hansısa xeyriyyəçiliklə məşğul olmaq deyil. Sosial məsuliyyət, eyni zamanda, kiçik biznesə, ailə biznesinə dəstək göstərməkdir.
"Ona görə mən Prezident Administrasiyasına, müvafiq nazirliklərə, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, digər aidiyyəti qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı təkliflər hazırlasınlar. Bəlkə böyük biznes şirkətləri ilə bir görüş keçirsinlər və onları ailə biznesinə dəstək üçün bu proqrama cəlb etsinlər. Bu, ədalətli olar. Böyük şirkətlər, xüsusilə dövlətdən, dövlət siyasətindən yararlanıb böyük vəsait əldə edən şirkətlər kiçik sahibkarlara dəstək verməlidir", - dövlət başçısı söyləyib.
Və statistika...
Ölkə iqtisadiyyatının durumu ilə bağlı bəzi statistik göstəricilərə nəzər salaq.
Son 14 ildə Azərbaycanda 2500 meqavat gücündə 30 elektrik stansiyası tikilmiş və ümumi generasiya gücü 6400 meqavata çatdırılıb.
2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb.
2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faizdən 2017-ci ildə 67 faizə çatdırılıb.
Son 14 ildə dörd su anbarı tikilmiş, həyata keçirilən meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına göclü təsir göstərib.
Həyata keçirilən tədbirlər suvarılmayan torpaqlara həyat gətirdi, fermerlər, sahibkarlar üçün əlverişli şərait yaradıldı, kənd təsərrüfatının inkişafına güclü təkan verildi.

Son 14 ildə 12 min 300 kilometr yol çəkilmiş, 443 körpü tikilib.
Əsas məqsəd Azərbaycanın inkişafını daha da sürətləndirmək, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır.
14 il ərzində iqtisadi göstəricilər ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir.
Azərbaycan iqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmış, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə yüksəlib.
Sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracı sahəsində 4,1 dəfə artm var.
Azərbaycanın valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan 2018-ci ilin əvvəlinə görə 42 milyard dollara çatıb.
Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.
Azərbaycanın böyük valyuta ehtiyatları ölkəyə iqtisadi müstəqillik verir.
Azərbaycan tam müstəqil siyasət yürüdür, bütün məsələlərlə bağlı öz mövqeyi var və bu mövqeyi çəkinmədən ifadə edir.
On dörd il ərzində Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir.
Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında lider dövlətlər arasındadır.
Xarici sərmayələr göstərir ki, Azərbaycana inam, həyata keçirilən siyasətə dəstək var, ölkənin gələcəyinə ümidlər çox böyükdür.
2017-ci ildə Azərbaycana 14,6 milyard dollar sərmayə qoyulub, bu il də həmin həcmdə investisiya yatırılması nəzərdə tutulur.
Son 14 il ərzində Azərbaycanda 1,9 milyon iş yeri yaradılmışdır ki, onlardan 1,4 milyonu daimi iş yeridir.
İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır.
Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
14 il ərzində maaşlar beş dəfə, pensiyalar səkkiz dəfə artıb.
Son 14 ildə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunub.
Biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmış, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib.
"ASAN xidmət" mərkəzləri ictimai xidmətlər sahəsində inqilabi dönüş yaratmışdır. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib.
Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi, mübarizə aparılır, bu sahədə system, institusional xarakterli tədbirlər görülür.
Azərbaycanın texnoloji cəhətdən inkişaf etdirmək üçün böyük addımlar atılmışdır. Azərbaycan kosmik dövlətə çevrilib.
Hazırda orbitdə Azərbaycanın iki peyki var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk 2018-ci ildə orbitə buraxılacaq.
Nəhəng nəqliyyat və energetika layihələri Azərbaycanın uzunmüddətli uğurlu inkişafını şərtləndirən layihələrdir.
Son 14 ildə Azərbaycanda yeddi aeroport, böyük gəmiqayırma zavodu, Xəzərdə ən böyük Dəniz Ticarət Limanı tikilmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib.
Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihədir.
Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri qısa müddət ərzində həll edib.
Qlobal enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi xalq qarşısında tarixi xidmətlərdir. Bu layihələr Azərbaycanın uzunmüddətli inkişafına şərait yaradır.
2018-ci ildə Azərbaycanda qazlaşdırma 95 faizə çatdırılmalıdır. Bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur.
400 meqavat gücündə olan "Şimal-2" elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq.
İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdiriləcək. Bu il üç şəhərin - Mingəçevir, Qəbələ və Ağdaşın içməli su və kanalizasiya problemi tam həll olunacaq. Daha 20 şəhərdə içməli su və kanalizasiya layihələri icra ediləcək.
Bu il 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. 2017-2018-ci illərdə 200 mindən çox hektara suyun təminatını təşkil ediləcək.
Bu il 2300 kilometr avtomobil yolu - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək.
2017-ci ildə "40 yol" adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikilmiş, abadlaşdırılmışdır. 2018-ci ildə 600 kəndin yolu tikilməlidir.
Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalı, Füzuli rayonu və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaq.
Keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib.

Bu il 137 modul tipli məktəb tikiləcək, Bakı şəhərində 12 məktəb əsaslı təmir ediləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq.
Dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir. Onlardan ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək.
Bu günə qədər 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib.
Cocuq Mərcanlının bərpası və Şıxarxda yeni şəhərciyin tikintisi Azərbaycan dövlətinin və xalqının iradəsini göstərir. Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Köçkünlər öz doğma torpaqlarına getməyə hazırdırlar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək.
2018-ci ildə 20 min köçkün yeni evlərlə təmin ediləcək. 2017-ci ildə 12 min köçkün yeni evləör və mənzillərlə təmin edilib.
Böyük tikinti və infrastruktur layihələri, sənaye obyektlərinin işə düşməsi iş yerlərinin açılmasına şərait yaradır.
6-7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Ağır vəziyyətdə yaşayan, dövlətdən sosial yardım alan vətəndaşlar özləri pul qazanacaqlar, ailələrini zəhmətləri ilə dolandıracaqlar və öz həyatlarını quracaqlar.
"Ailə Biznesinə Asan Dəstək" layihəsi inkişaf etditiləcək. Bu, fermerlərə, ailə təsərrüfatlarına imkan verir ki, öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarsınlar.
"ABAD" layihəsi ilə bağlı böyük biznes şirkətləri daha fəal olmalıdırlar. İri biznes qurumları öz sosial məsuliyyətlərini dərk etməlidirlər.
Dövlətin investisiya siyasəti nəticəsində bölgələrdə bütün infrastruktur layihələri icra edilib və icra edilir. Yerli icra orqanları bu işlərdə daha da fəal çalışmalı və sərmayə cəlb etməlidirlər.
Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün lazımi tədbirlər görüləcək. Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşmasına nail olunmuşdur.
Şimal-Cənub nəqliyyat dəhlizinin effektivliyini təmin etmək məqsədilə Yalama və Bakı-Astara dəmir yollarının modernləşdirilməsi və yenidən qurulması nəzərdə tutulmuşdur.
Turizm sektorunun inkişafını nəzərə alaraq, Qəbələ və Qusara dəmir yolunun çəkilişi planlaşdırılır.
Bu il 15 milyon ton yükü aşıra biləcək Xəzər dənizinin ən böyük ticarət limanı - Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayacaq.
Azərbaycan nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir.
Bu il üç "ASAN xidmət" mərkəzi açılacaq və mərkəzlərin sayı 15-ə çatacaq. Beş mərkəzin tikintisi isə bu il başlanmalıdır.
Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsanda başlayan ikinci layihəsi çərçivəsində on min insan sosial evlərlə təmin ediləcək. Bu il Yasamal layihəsinin evlərinin bir hissəsi vətəndaşlara təqdim ediləcəkdir.
Turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. 2017-ci ildə ölkəyə gələn turistlərin sayı beş minə yaxın artmışdır.
2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. İlin sonuna qədər Azərbaycanda 20 xalça fabriki fəaliyyət göstərəcək. Birinci mərhələdə xalça fabriklərinin sayı 30-a çatmalıdır.
2017-ci ildə Azərbaycana 10 min kənd təsərrüfatı texnikası gətirilmişdir. Bu il bu proses davam etdiriləcək.
Hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklar sayəsində ərzaq təhlükəsizliyi ilə bağlı əsas məsələlər həll ediləcək.
Bir sözlə, 2018-ci ildə Azərbaycan öz inkişafını davam etdirəcək, qarşıda duran bütün vəzifələr icra olunacaq.
Elçin Alıoğlu
Milli.Az