Ərdoğan HƏMAS-a açıq dəstək elan etdi

27 Mart 2010 20:25

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantıda iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə İsrailin ünvanına sərt tənqidlər səsləndirib. Fələstin münaqişəsi haqda danışan Ərdoğan Qüdsü "islam dünyasının göz bəbəyi, ilk qibləsi" adlandırıb: "İsrailin Qüdsə və digər müqəddəs məkanlara hücumları əsla qəbul edilə bilməz! Şərqi Qüdsdə yeni yaşayış məntəqəsinin tikintisinə başlanması da məqbul deyil. İsrail daxili işlər nazirinin Qüdsü paytaxt elan etməsi çılğınlıqdır. Bu, bizi qorxuda bilməz və yalnız İsrailin özünütəcridinə səbəb olar".

Baş nazir bildirib ki, İsrail "təkcə beynəlxalq hüququ deyil, insani duyğuları, tarixi və vicdanı da tapdayır". "Qüds yandıqca Fələstin, Fələstin yandıqca Orta Şərq, Orta Şərq yandıqca isə dünyamız sülh və barışa çata bilməz. "Əl-Fətih" və HƏMAS başda olmaqla fələstinli qardaşlarımızın Fələstinin birliyi üçün atacağı addımları dəstəklədiyimizi bəyan edirəm. Günümüz oturub ağlamaq, göz yaşı tökmək və baş verənləri tribunalardan izləmək günü deyil, ittifaq və sülhü təmin etmək günüdür. Bizə islamofobiya yarlığını yapışdırmaq istəyənlər isə insanlıq suçu işləyəcəklər", - deyə Ərdoğan bildirib.

Ərdoğanın bu bəyanatı Liviya lideri Müəmmər Qəddafi və Ərəb Birliyinin baş katibi Əmir Musa tərəfindən ayaq üstə alqışlanıb.

Milli.Az