Klaudio Koqon: "İndiyədək heç vaxt belə gözəl mühitdə, təbiət qoynunda çıxış etməmişik"
8 Avqust 2011 12:25
Bu bizim Azərbaycana ilk səfərimizdir. Qəbələ III Beynəlxalq Musiqi Festivalına dəvət olunmağımızdan çox məmnunuq. Burada hər gün auditoriya bizi son dərəcə hərarətlə qarşıladı. Tamaşaçıların səhnədə baş verənlərə reaksiyası bizi xüsusilə sevindirdi. Bu yaxınlarda Fransa və İtaliyadan qastroldan qayıtmışıq. Etiraf etməliyəm ki, dünyanın çox yerində olsaq da, indiyədək heç vaxt belə gözəl mühitdə, təbiət qoynunda çıxış etməmişdik.
Bu sözləri Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İsrailin Suzan Delal Rəqs və Teatr Mərkəzi direktorunun müavini Klaudio Koqon AzərTAc-a müsahibəsində deyib.
Teatr mərkəzi yaradıcı kollektivinin digər üzvləri də Qəbələ festivalı ilə bağlı təəssüratlarını AzərTAc-la bölüşmüşlər.
Aktrisa İnbar Nemirovski: "Çox gözəl məkandır. Dəqiq bilirəm ki, belə bir yerdə olmaq, burada ifa etmək heyrətamiz bir hissdir. Tamaşa zamanı uşaq gülüşləri eşitmək isə bizim üçün ikiqat xoş idi".
Aktyor İdan Porges: "Hər dəfə səhnəyə çıxanda auditoriyanın isti münasibətini hiss edirdik. Dinləyicilərin qarşısında, səhnədə oynayarkən bizim əsasən yəhudi dilində danışmağımıza və bu səbəbdən də tamaşaçıların bizi anlamadıqlarına baxmayaraq, onların yaranan ab-havanı duyduqlarını gözlərindən oxuyurduq. İstəyirik, sizin gözəl ölkənizi gəzək, onu daha yaxından tanıyaq".
Milli.Az