Azərbaycanda tolerantlığın dütün dünyaya nümunə göstərildiyi bir vaxtda bir neçə gündür səs-küyə səbəb olan Qubanın Qırmızı qəsəbəsində Dağ Yəhudiləri dini icmasının sədrinin evinə edilən basqının təfərrüatları məlum olub. Hadisə yerindən uzaqlaşaraq izi itirmək üçün müxtəlif rayonlara üz tutan dəstə üzvləri yenə Qubada toplaşıblar.
Milli.Az anspress-ə istinadən bildirir ki, üç gün əvvəl Qubanın Qırmızı qəsəbəsində dini icma sədri Boris Simanduyevin evinə quldurluq yolu ilə basqın edərək oradan külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan 4 nəfərlik mütəşəkkil dəstənin bütün üzvləri tutularaq istintaqa cəlb edilib.
Quba Polis Şöbəsinin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin daha iki nəfəri - Eldar Avadyayev və Coşqun Əliyev Qazax və Şirvan şəhərlərində tutularaq Qubaya gətiriliblər. Dəstənin əsas başçısı Qırmızı qəsəbə sakini, Moskvada yaşayan 34 yaşlı Eldar Avadyayev olub.
Onun sözlərinə görə, həmin evdə qızılın olduğunu hamı bilirdi.
Cinayətdə 7 ildir tanıdığı Bakı sakini Xalid Seyidovla birgə iştirak edən 31 yaşlı Bakı sakini Türkanə Rəhimova hadisə yerinə Xalidə məxsus olan "İnfiniti" markalı avtomobillə getdiyini deyir.
Türkanə Rəhimova bildirib ki, hadisədə birbaşa iştirak etməyib: "Maşındaydım. Maşını isə görüşdüyüm insan Xalid Seyidov idarə edirdi. Oğurluğa getməyimizdən xəbərsiz idim. Sonradan hadisə barədə xəbərdar oldum".
Quldur dəstənin digər üzvləri Bakı sakini, 39 yaşlı Xalid Seyidov və 29 yaşlı Şirvan sakinin Coşqun Əliyev də əməllərini etiraf ediblər.
Saxlanılan Xalid Seyidov isə bu cinayyəti özü törədiyinin təsdiq edib.
Qubanın Qırmızı qəsəbəsində Boris Simanduyevin evinə quldurluq yolu ilə əldə edilmiş külli miqdarda pul və qızıl-zinət əşyaları saxlanılan şəxslərdən götürülərək istintaqa təhvil verilib.
Quba polis şəbəsində açılmış cinayət işinin istintaqı, əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az