Azərbaycanda bu yayın hitləri hansı mahnılar oldu? - SORĞU

19 Avqust 2011 09:30
Artıq yayı yola salıb payızı qarşılamağımıza az qalıb. Hər bitən yay fəslinin xatirələrini gözümüz önündə canlandıran əsas vasitələrdən biri də yayın hit mahnılarıdır. Maraqlıdır, bəs bu yayı yaddaqalan edən, radiolarda ən çox sifariş olunan, sahillərdə səslənib zövqləri oxşayan hansı mahnılar oldu? Milli.Az bu mövzunu araşdırmaq məqsədi ilə sorğu keçirdi.

Facebookda 1000-dən çox istifadəçidən bu yay ən çox hansı mahnını dinlədiklərini soruşduq. Sorğunun nəticələri Azərbaycan estradasında Röyanın "Sənə görə", Türkiyədən Ajda Pekkanın "Yakar geçerim", xarici estradadan isə Pitbulun Şakira ilə dueti "Rabiosa" və "Everything tonight" mahnıları oldu. Amma sualımıza cavab verən istifadəçilər arasında Üzeyirin bir çox mahnılarını qeyd edənlərə də çox rast gəldik.

Radiolarda ən çox sifariş olunan mahnıları öyrənmək üçün Dj Sahilə müraciət etdik. O bildirdi ki, "Dinləyicilər Azərbaycan estradasından ən çox Royanın "Sənə görə" mahnısını sifariş edirlər. Növbəti pillələri isə Samiranın "Şirin yuxu" və yanvar ayında çıxmasına baxmayaraq, Natəvan Həbibinin "Stop" mahnısı ən çox sifariş olunanlardandır".

Dinləyicilərin türk estradasından hansı mahnını ən çox sifariş etdiyini soruşduqda isə Sahil müəllim cavab verdi ki, "Gülben Ergen ilə Mustafa Sandalın "Şıkır-şıkır" dueti, Yalının "Anlat güzelmi oralar" və Teomanın "Tekbaşına dans" mahnılarına dinləyicilər daha çox qulaq asmaq istədiklərini bildiriblər. Xarici estradadan isə DJ Sahil Pitbulun "Everything tonight" mahnısının daha çox bəyənildiyini əlavə etdi.

İnternet radiolarda ən çox sifariş olunan bu yayın hitlərini öyrənmək üçün Day.Az radioya üz tutduq və cavab aldıq ki, Azərbaycanda ən çox sifariş olunan mahnılar Röyanın "Sənə görə", Natəvanın "Təyyarələr" mahnısının işlənmiş versiyası və Eldarla Nigarın "Running Scared" mahnısıdır.

Həqiqəti etiraf etməli olsaq, bu yay keçən ilə nisbətən hit mahnıların daha az olduğunu demək olar. Çünki hər yay müğənnilərin ardıcıl olaraq hitləri işıq üzü gördüyü halda, bu yay əksər müğənnilər nədənsə yeni mahnı ilə dinləyicilərini sevindirmədilər. Bunun əsas səbəbini öyrənmək üçün dinləyiciləri hit mahnı üzünə həsrət qoyan hitmeyker Murad Arifə üz tutduq. O isə açıqlama verdi ki, "son mahnım, Natanın oxuduğu "Stop" 2011-ci ilin yanvarında işıq üzü görüb. İl ərzində 3-4 mahnı çıxarıram ki, işimin keyfiyyəti azalmasın. Çünki uğurlu iş çox vaxt aparmalıdır. İstəsəm, ayda 10 mahnı yazaram. Amma belə olmaz, nə qədər olmasa da, hitmeyker statusumu qorumaq lazımdır.

Yay üçün heç kəsə mahnı vermədim ki, digər gənc müəlliflər məharətlərini göstərsinlər. Nəticə göz qabağındadır, Bakı hitsiz qaldı. Bəziləri mənə deyirlər ki, "Murad Arifin mahnıları olmadan radiolarımız da çox rəngsiz görünür". Buna inanmaq istəməsəm də, görünür ki, belədir. Darıxmayın, başım şəxsi işlərimə qarışıb, tezliklə yeni hitlər gəlir".

Murad Arifə növbəti sualımız isə bu yay üçün hansı mahnıları hit hesab etməsi oldu və o cavab verdi ki, "bu yayın hitləri, zənnimcə, Röyanın "Sənə görə" və Eldarla Nigarin "Running Scared" mahnılarıdır. Natəvanın "Təyyarələr" mahnısının yeni versiyası da dinləyicilər tərəfindən çox sevilir".

Sonda Milli.Az olaraq müğənnilərə yeni hit mahnılar ifa etməyi, dinləyicilərə isə zövqlü musiqilərdən zövq almağı arzu edirik.

Nura
Milli.Az