Aviasiya şirkətləri ziyanla işləməyə başlayıb

6 Avqust 2011 10:38
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, son iki ildə ilk dəfə olaraq aviaşirkətlərin rüblük gəlirləri 2 dəfədən çox azalacaq. APA məlumat verir ki, təşkilatın hesablamalarına görə, 2011-ci ilin II rübündə aviasiya sahəsinin mənfəəti ötən ilin eyni dövründəkindən 64% az olacaq, yəni 2,89 mlrd. dollardan 1,05 mlrd. dollara düşəcək.

Hələlik bu, 16 şirkət üzrə toplanan ilkin məlumatlardır. Belə ki, II rübdə ABŞ-ın ikinci ən iri aviaşirkəti "Delta Airlines"ın mənfəəti 366 mln. dollar və ya proqnozdan 44% az olub. Fransanın "Air France-KLM Group"un isə 145 mln. avroluq itkilərlə üzləşdiyi bildirilir.

Ümumilikdə Avropa şirkətlərində mənfəət artsa da, analitiklər bunu ötən il İslandiyadakı vulkanın təsiri nəticəsində vəziyyətin daha pis olması ilə izah edirlər. Şimali və Cənubi Amerika, eləcə də Sakit Okean hövzəsi ölkələrinin aviaşirkətlərinin gəlirləri isə aşağı düşür.

Nəticədə, IATA aviasiya şirkətlərinin mənfəəti barədə proqnozu 8,4 mlrd. dollardan 4 mlrd. dollara endirib. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə neftin bahalaşmasıdır. İyunda neftin 1 barelinin qiyməti 110 dollar proqnozlaşdırılsa da, faktiki olaraq qiymətlər 130 dollara çatıb.

Aviaşirkətlərin vəziyyətinə sərnişinlərin azalması da mənfi təsir edir. IATA-da biznes səfərlərinin azalacağını istisna etmirlər - adətən, belə səfərlərə biletlər baha qiymətə satıldığına görə, onlar şirkətlər üçün çox sərfəlidir. Nəticədə, ekspertlər bu sahədə müflisləşmələrin və birləşmələrin baş verəcəyini gözləyirlər.

Milli.Az