“Moskovski Komsomolets”: Azərbaycan dini tolerantlıq məskənidir
5 Avqust 2011 04:35
AzərTAc xəbər verir ki, "Moskovski Komsomolets"in internet səhifəsində "Azərbaycan dini tolerantlıq məskənidir" sərlövhəli geniş məqalə yerləşdirilmişdir.
Məqalədə deyilir ki, indi Rusiyada keçmiş sovet respublikası və onun paytaxtı haqqında təsəvvürü olan azdır.
Nəşr yazır: Neft, qara kürü və Müslüm Maqomayev - "Bakı" dedikdə, sovet vaxtlarından bəri ağla gələn məhz bunlardır. Bir də hamı bilirdi ki, "Brilyant əl" filminin "İstanbul epizodları" məhz burada çəkilmişdir. Bütün turistlər hələ də burada, Kozodoyevin "Lənət şeytana" deyib yıxıldığı yerdə şəkil çəkdirirlər.
Materialda deyilir: "İndi isə Azərbaycanda neftdən çox tikinti sahəsində canlanma vardır. Son 15 ildə tikinti sektoru 41 dəfə yüksəlmişdir. Bakıda yüzlərlə yeni yaşayış binası və mehmanxana tikilir. Mərkəzdə alov dilinə bənzər üç göydələn ucaldılır, onlar belə də adlanır: The Flame. Şəhər arxitektura cəhətdən Parisi çox xatırladır: evlər baron Osman üslubundadır. Açıq qəhvəyi, ağ, bəzən də cəhrayı əhənglə rənglənmiş binalar, oyma naxışlı eyvanlar, kölgəli dar küçələr. Hər tin başı kafe, Eyfel qülləsinə bənzəyən, şəhərin baş dominantası sayılan teleqüllə... Abşeron yarımadasının qalan hissəsinin az qala səhralığı xatırlatdığı bir zamanda şəhəri belə yaşıllaşdırmaq onlara necə nəsib olmuşdur? Bakının ən qədim hissəsi - İçərişəhər parlaq Şərq koloritini saxlamışdır: qədim Karvansaradakı restoranlar, xalça və suvenir dükanları, qəlyanxanalar, möhtəşəm Şirvanşahlar sarayı və əlbəttə ki, Bakının vizit kartı sayılan unudulmaz Qız qalası".
Nəşrdə azlıq təşkil edən millətlərin nümayəndələrinə qarşı bu titullu xalqın tolerantlığı məsələsinə toxunularaq göstərilir ki, burada yerli ruslar çoxdur və bir sıra digər keçmiş müttəfiq respublikalardan fərqli olaraq onlar kasıb yaşamırlar.
Azərbaycanlıların 90 faizindən çoxu müsəlmanlardır, lakin başqa islam ölkələrindən fərqli olaraq burada din insanlara nümayişkaranə şəkildə, zorla qəbul etdirilmir. Bu baxımdan Azərbaycan tam dünyəvi dövlətdir. Burada qədim zamanlardan şərabçılıqla məşğul olmuşlar. Bu sahə Qorbaçovun alkoqol əleyhinə kampaniyası zamanı az qala məhv olmuşdu. Lakin şərabçılıq yenidən dirçəldilərək ölkənin büdcəsinə böyük gəlir gətirən milli qürur mənbəyi olaraq qalır. Məqalədə deyilir ki, yerli əhalinin zərif nümayəndələri isə Avropanın bütün dəbdə olan brendlərini nümayiş etdirir, onları keçmişdəki çadra ilə əvəz etmək istəmir.
Milli.Az