"Prezident İlham Əliyevin bu addımı millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin ifadəsi və etirafıdır"

11 Yanvar 2018 07:00

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini ilk növbədə yürüdüdülən siyasətin, dünya səviyyəsində atılan addımların milli-mənəvi dəyərlərə verilən qiymətin davamı hesab etmək olar. Çünki bundan əvvəl "Multikultualizm ili" və "İslam həmrəyliyi ili"ndən sonra "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi düşüncə məhsulunun silsilə davamıdır. Bunlar dövlət başçısının milli və mənəvi dəyərlərə, tariximizə olan münasibətinin göstəricisidir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Professorun fikrincə, "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmasını cənab İlham Əliyevin bilavasitə tariximizə, keçmişimizə, dövlətçiliyimizə olan təkcə dövlət başçısı, prezident kimi deyil, eyni zamanda bir insani münasibətin məhsulu hesab etmək olar: "Çünki Cümhuriyyət liderləri özlərini bu millətin yolunda fəda ediblər, şəhid olublar. Ötən əsrin əvvəllərində tarix məsələsi çox sərt qoyulmuşdu: Ya ayağa dur, tarixinə qayıt, dünya dövlətlərinin boy sırasında dayan, tarixi ərazilərinə sahib dur, öz milli dövlətçiliyini bərpa et və onu davam etdir, ya da sus, əri, mayeyə dön, böyük dövlətlərin istəyini reallaşdır və onların istədiyi əyri qabın tutumunu al! Bu tarixi məsuliyyəti dərk edən Avropanın qabaqcıl düşüncələrinə və Rusiya təhsilinə malik Cümhuriyyət liderləri ayağa durdular, Azərbaycanın istiqlaliyyətini başqa bir ölkədə, Gürcüstanda, Tiflisdə elan etdilər. Dünyaya bəyan etdilər ki, belə bir dövlət yarandı. İslam dünyasında ilk demokratik Cümhuriyyət quruldu.


Amma ordusu, heç nəyi olmayan istiqlalçılar güvən yerimiz olan Qafqaz-İslam Ordusunun köməyi ilə Azərbaycana gəldilər və ölkəni 23 ay idarə etdilər.  

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir

 Bu 23 ay ərzində 23 illik tarixi bir missiyanı həyata keçirdilər. Əgər onlar Azərbaycanın müstəqilliyini elan etməsəydilər, bu dövlətçiliyə sahib olmasaydılar, bu tarixi şansı əldən buraxsaydılar, bu gün Azərbaycan başqa bir dövlətin sadəcə bir əyaləti formasında mövcud olacaqdı. Çünki Bakının Rusiya tərəfindən, ölkəmizin cənub hissəsinin İrana, şimal-Qərb hissəsinin Gürcüstana, Dağlıq Qarabağ və yaxın ərazilərin isə Ermənistana birləşdirilməsi istəkləri reallaşa bilərdi. Cümhuriyyətin paytaxtı elan olundu. Əvvəlcə Gəncə, sonra Bakı şəhəri. Mübahisəli və mübahisəsiz 114 min kv.km-lik ərazidə dövlətin sərhədləri müəyyən edildi. Lakin bu tarixi missiyanı yerinə yetirən Cümhuriyyət liderlərinin hamıya məlum olan uğursuz taleyi oldu. Onların bir qismi mühacirətdə, acınacaqlı vəziyyətdə, bir qrupu "Vətən! Vətən!" deyə-deyə, bəziləri isə terrorun qurbanı olaraq dünyasını dəyişdilər. Yəni onların hər biri mənəvi və fiziki olaraq şəhidlərdir.

Bu mənada dövlət başçısı 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi ilə həm də bu cür insanların ruhunu şad edir. O, bu gün həm də Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirir. Ümumilli liderimiz deyirdi ki, bugünkü Azərbaycan 20-ci əsrin əvvəlində qurulmuş Cümhuriyyətin varisidir. Prezident İlham Əliyevin bu addımı bu varisliyə, eləcə də Ümumilli liderin vəsiyyət xarakterli düşüncələrinə olan bir münasibətdir. Ən əsası, bu cənab prezidentin özünün daxilində millətə, dövlətə, xalqa, keçmişə, bu günə və sabaha olan münasibətinin bir ifadəsi və etirafıdır. Hesab edirəm ki, bu qərar bütün Azərbaycan xalqının ürəyindəndir. Fikrimcə, özünü Vətən yolunda qurban vermiş Cümhuriyyət liderlərinin ruhları indi çox şaddır ki, onların əməlləri, işləri ötən bu 100 il ərzində hədər getməyib, Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib". 

Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib.

Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl - 2017-ci il "İslam həmrəyliyi ili", 2016-cı il isə "Multikulturalizm ili" elan olunmuşdu.

İlkin İzzət

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində