Bakıya “London taksiləri” daşınır, sürücülər isə imtina edir

7 Dekabr 2014 21:45

Yayda Bakıda keçiriləcək I Avropa Oyunlarına görə Azərbaycana "London taksiləri" gətirilir. Lakin sürücülər bu taksilərdən imtina edir. Səbəb isə bu taksilərə qoyulan gündəlik planın çox olmasıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu taksi sürücüləri deyiblər. Onların sözlərinə görə, son 2-3 gün ərzində 30-dan çox sürücü maşınlardan imtina edib və onları qaraja təhvil verib.

"Həftəlik plan 240 manatdır. İşləyə bilsən də, bilməsən də bunu ödəməlisən. Heç bir güzəşt yoxdur. Gündəlik 40 manat plan qoyulub. 20 manat da yanacağa verirk. Hər həftə də müxtəlif bəhanələrlə bizə cərimə yazırlar. Üzümüzü qırxmadığımızı, maşında siqaret çəkdiyimizi deyib cərimələyirlər. Yalnız axşamlar işləmək imkanı olur. Amma bu zaman da tıxaclar imkan vermir. Bu şərtlərlə işləmək mümkün deyil" - deyə taksi sürücüləri narazılıqlarını dilə gətirir.

Son bir neçə gün ərzində 30-dan çox sürücü işdən çıxıb. Sürücülərin sözlərinə görə, işdən çıxanların əksəriyyəti "Taksi 189" xidmətinə üz tutur. Səbəb isə orada iş şərtlərinin sərfəli olmasıdır.

"Əslində "Taksi 189"da işləmək asandır. Bu taksi xidmətinin özü sənə müştəri verir. Ən azı işləməsən, plan vermirsən. 100 manat depozit qoyursan. Sənə 900 manatlıq müştəri verirlər. İndi sürücülərin əksəriyəti bura üz tutur. Kim ki "London taksisini" atır, gedib borc-xərc edib özünə maşın alır. Başlayır "Taksi 189"da işləməyə" - deyə sürücülər bildirir.

Sürücülərin dediyinə görə, dünən Bakıya 100-ə yaxın yeni "London taksi"ləri gətirilib. Narazı sürücülər onu da bildirirlər ki, belə getsə, "London taksiləri" rəqabətə tab gətirə bilməyəcək. Çünki sürücülər maşınlardan imtina edir, qarajda xeyli sayda boş avtomobil var.

Qeyd edək ki, Azərbaycanın Nəqliyyat Nazirliyi Avropa Oyunlarına görə Çindən daha 504 ədəd avtomobil sifariş verib. Türkiyənin "Savay Lojistik" şirkəti "London taksiləri" kimi tanınan keblərin Çindən Bakıya daşınmasına dair tenderin qalibi olub. Və hazırda taksilərin Bakıya gətirilməsinə başlanılıb. Artıq 200-ə yaxın yeni maşın Bakıya gətirilib.

Milli.Az