Palatka toyundan reportaj... - FOTO

25 Avqust 2011 10:20
Son zamanlar insanlar daha çox restoran toylarına üstünlük verirlər. Amma bir zamanlar vardı ki, çadırlar qurular, həyət-bacalarda heyvanlar kəsilər, qohum-qonşu köməyə gələrdi.  Çadır toyları həm ucuz başa gələrdi, həm də şirin keçərdi. Elin bütün adət-ənənələri çadır toylarında öz əksini tapardı. Gündən-günə restoranların sayının artmasına baxmayaraq, bu gün də öz şad gününü çadır toylarında keçirənlər az deyil. Belə toylardan biri də bu yaxınlarda Zabrat qəsəbəsində keçirildi. Çox da uzaq olmayan bir qohumumuzun toyuna getmişdim. Küçədə iri çadır qurulmuş, maşınlar sıraya düzülmüş, toyun səsi məhləni başına götürmüşdü.

Toyun sahibi Sara xala nəvəsi üçün çaldırırdı bu toyu. Onun sözlərinə görə, çadır toyları ucuz başa gəlməklə yanaşı, həm də maraqlı olur. Çadır toylarında unudulmuş adət-ənənələrimiz də üzə çıxır. Sara nənə deyir ki, əvvəl toylarda tort kəsmək, şampan içmək nə idi, hətta bəy da mağara buraxılmırdı. "Bir zamanlar oğlan gəlini ancaq toy gecəsi görə bilərdi. Yəni gəncləri valideynləri  evləndirərdilər. Təmtəraqla qız evinə gedər, qızın "həri"si alınardı. O zamanlar qızı bir günə verməzdilər. Oğlan evini o ki var, get-gələ salardılar. Onda qız da dəyərli olardı. Amma indi iki dəfə qız evinə elçiliyə gedirlər, üçüncü dəfə də üzük taxılır". Sara nənənin fikrincə, elə son zamanlar olan boşanmaların da səbəbi budur. O, deyir ki, qız gərək özünə dəyər versin, gözübağlı "ərə getmək" üçün kimə gəldi, getməsin.

Sara nənə çadır toyunun qiymətindən də danışdı. "İlk öncə çadırı sifariş edirik, bu çox da baha başa gəlmir. Çünki uşaqlarım maraqlanıb, hər qiymətə çadır var, 100 manatdan 1000 manata kimi. Kim hansı qiymətə istəsə, sifariş edə bilir. Mənim oğlum bir az ucuzunu qurdurub. Çadırları bir günlüyə icarəyə götürmüşük. Ümumi xərcimiz cəmi 2500 manat çıxıb.

Toy sahibinin sözlərinə görə, Bakı kəndlərində çox adam "palatka" toyuna üstünlük verir. Buna səbəb isə bu toyların restoran toyları ilə müqayisədə dəfələrlə ucuz başa gəlməsidir.  Sara nənə deyir ki, iki il öncə o biri nəvəsinə restoranda toy çaldırıb və bu toy onlara 8000 manata başa gəlib. "Qızım, toydan da borcla çıxdıq. Amma çadır toyunu 2-3 min manatla yola vermək olur. Həm də Bakı kəndlərində toya 50 manatdan artıq salan olmur. Əgər 100 adam çağırmısansa, onların arasında ancaq 10 nəfəri 50 manat salır. Qalanlar isə 20-30 manat salırlar. 10 manat da salan olur, vallah". Həqiqətən də toy dəftərinə baxanda çox adamın 10 manat yazıldığının şahidi oldum.

Çadır toylarının yeməyi də sadə olur. Bu cür toylarda restoran toyları kimi çeşidli yeməklər olmur. Bu toyda da bir yemək - qovurma var idi. Sadə salat - pomidor, xiyar, göyərti, çörək və limonad.

Amma toy həqiqətən çox şirin keçirdi. Bu toyda hamı sadə geyinmişdi. Çadır darısqal olduğu üçün qonaqların bir-birinin pal-paltarına, qızıl-zinətlərinə baxıb, ah çəkməyə imkanı yox idi.
Çadır toylarının müğənniləri də ucuz qiymətə gəlir. Sara nənənin dediyinə görə, bu toya gələn müğənniyə 200 manat verib.

İfaçı o qədər yaxşı oxumasa da toyu pis idarə etmirdi. Ara-sıra disk qoyub, fonoqramla türk mahnıları da oxutdurdular bu toyda. Gəlin əvvəlcə "Vağzalı" sədaları altında toyxanaya (belə adlanır burda) qırmızı geyimdə gəldi. Bu prosesə "gəlinin araya gətirilməsi" deyilir. Çadırın yuxarı başında gəlin üçün xüsusi yer düzəldilmişdi. 1 saata yaxın gəlin burada oturduqdan sonra yenə "Vağzalı" sədaları altında onu çadırdan çıxardılar. Yarım saat sonra gəlin yenə toyxanaya qayıtdı, amma bu dəfə ağ gəlinlikdə. Xonçalar gəlinin qarşısına yığıldı, bir kasada xına isladıldı. Gəlinin rəfiqələri sırayla həmin xınadan ovuclarına yaxdılar. Gəlinin də ovucuna kibrit çöpü ilə həyat yoldaşının adının baş hərfi yazıldı.

Daha sonra ifaçı "tərif" yığdırmağa başladı. "Xına başına, ay şabaş" deyən müğənni gəlinin bütün qohum-əqrəbasını səsləyərək, şabaş vermələrini istəyirdi.

Sara nənə şabaşın da müğənni və çalğıçılara veriləcəyini dedi. "Bəzən olur ki, müğənni ucuz gəldiyi üçün əvvəlcədən toy sahibi ilə şabaşın razılığına da gəlir".

Şabaş verənlərin ən çoxu 5 manat, ən azı isə 1 manat verirdi. Çoxu isə şabaş vaxtının yaxınlaşdığını görüb toyxanadan çıxırdı.

Şabaş yığma mərasimi bitəndən sonra "palatka" toyunun sonu yaxınlaşırdı. Onu da deyim ki, Sara nənənin sözlərinə görə, toyun sonunda gənc qızların əylənməsi üçün xarici mahnılar çalınır. Yəni "diskoteka". Olduğumuz çadır toyunda əsasən "Can-cana", "Sarı gəlin", "Ceyranım" və "Mehmanı" sifariş edilirdi.

Diskotekada isə müxtəlif türk, ərəb və hind müğənnilərinin ifaları səsləndirilirdi. Gecə 23:30-da çadır toyu bitdi. Onu da deyim ki, çox zaman çadır toylarında gəlini toy günü köcürmürlər. Səbəb isə yığılan pulla gəlinin çatmayan əşyalarının alınması ilə bağlıdır. Sara nənə də, nəvəsini bu gün köçürməyəcəkdi. Sözlərinə görə, gəlinin hələ bəzi əşyaları alınmayıb. Bu səbəbdən gəlini toydan 10 gün sonra köçürəcəklər.

Bu günə kimi müxtəlif restoran və çadır toylarında olmuşdum. Bu toyun isə şirin, maraqlı keçməsi diqqətimi daha çox cəlb etdi. Elə bu səbəbdən onu olduğu kimi qələmə aldım. Allah hamıya çadır, restoran fərqi yoxdur, toy qismət eləsin. Əsas xoşbəxtlikdir, toyun harada olmasının həqiqətən heç bir fərqi yoxdur.

İradə Azad
Milli.Az