Həbsdə sabun yeyib intihar edən azərbaycanlı musiqiçi

26 Dekabr 2017 21:35

Milli.Az lent.az-a istinadən aliyənin yazısını təqdim edir

Bu günlərdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan "Ölümündən sonra məhkəmə" sənədli filmi təqdim olundu.

Yeganə Əbdülməmmədovanın rejissorluğu ilə çəkilən film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbs olunmasından  və ölümündən bəhs edir.

Image result for Pərviz Rüstəmbəyov

Pərviz Rüstəmbəyov sovet totalitarizminin yoxa çıxarmaq istədiyi adlardandır. Onun haqqında yalnız arxiv materialları və bir neçə solğun şəkil vardır. Bakı cazının əfsanəsindən qalan şəkillər yalnız bunlardır. Bir də onun nəsildən nəsilə keçən saksafonu.

Yeganə Əbdülməmmədova filmini bədiilik üzərində qurmağa məcbur olub. Yoxa çıxmış bir nəfəs kimi onu hardasa tapmaq, bizə göstərmək asan olmayıb. Rejissorla söhbətimizdə onun bu təəssüfünü film boyu da hiss edirik.

Bədii-sənədli filmdə Pərvizin cinayət işindən də istifadə olunub.

Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında yazılan ssenari onun həbsi və məhkəməyədək olan həyatını əhatə edir.

Pərviz Rüstəmbəyov 1922-ci ildə Bakıda doğulub. Uşaq yaşlarından musiqiyə maraq göstərən uşaq Pionerlər Evinin musiqi dərnəyinə gedir. 1940-cı ildə Tofiq Quliyev orkestrində işləyir.

Image result for Pərviz Rüstəmbəyov

22-yaşında Bakıda qastrolda olan dünya şöhrətli musqiçi Eddi Rozner öz orkestrinə dəvət edir. Birinci saksafonçu kimi.  

Az sonra Pərvizə "Sovet Benni Qudmeni"  deməyə başlayırlar. Uğurları ilə diqqəti cəlb etdiyi, insanları təsrləndirdiyi bir vaxtda Xüsusi Xidmət orqanlarının diqqətini cəlb etdi.

İnsanlar üzərində total nəzarət quran idarəetmə rejimi bir insanı danışdığına görə, etirazına görə, mövqeyinə görə, nəhayət fikirləşdiyinə görə məhv edə bilər. Lakin həmin rejim musiqini də "siyasi zərərli" və ya "siyasi sabit" deyə ayıra bilir. Pərviz Rüstəmbəyov kapitalizmin, Sovet İttifaqının o zaman soyuq müharibə apardığı Qərbin və ABŞ-ın "ruhunu əks etdirən" musiqi ifa etdiyinə görə ittiham olunur.

1949-cu ilin yanvarında Artıq  "Nizami" kinoteatrında öz orkestrini yaratmış Rüstəmbəyovu  "Qərbə pərəstişkarlıq"da təqsirləndirərək işdən azad edirlər.

May ayında onu həbs etmək üçün kifayət qədər dəlil toplamışdılar. 1949-cu ilin 29 dekabrında həbsxana divarları arasında işgəncələrə məruz qalan saksafonçu müəmmalı şəkildə vəfat edir. Sənədlərdə onun xəstəlikdən öldüyü yazılır, yaxınları isə sabun udub intihar etdiyini düşünür.

"Ölümündən sonra məhkəmə" filmində Pərviz Rüstəmbəyovu aktyor Səfa Mehdi ekranda canlandırır. Uyğun üz cizgiləri olan aktyor sarı arxiv sənədlərinin arxasında həyat dolu bir gəncin var olduğuna inandırmaq üçün seçilib. Bir zamanlar rejim Pərvizi yox etmək üçün belə çaba göstərirdi.

Təsvir (operatorlar Rafiq Əliyev), musiqi, kadrarxası səs, bədii quraşdırılmış səhnələrin aktyorları (Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov, Faiq Mirzəyev) nəfəsi ilə insanları heyran edən Pərviz Rüstəmbəyovdan danışır. Lakin sözlər, təsvirlər, musiqilər azlıq edir, kəsilmiş nəfəs kimi təəssüf içində boğulursan. Filmin uğuru bu olmasın? Axı bu film adının necə qoyulmasına baxmayaraq, yoxa çıxmış nəfəs haqqındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin