Azərbaycan Standartlaşdırma İnstitutu, Patent və Əmtəə Nişanları Mərkəzi və Azərbaycan Akkreditasiya Mərkəzinin rəhbər vəzifələrinə təyinatlar olub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, sədr Ramiz Həsənovun əmri ilə "Azərbaycan Standartlaşdırma İnstitutu", "Patent və Əmtəə Nişanları Mərkəzi" və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxslərin Baş direktoru vəzifələrinə təyinatlar olub. Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru vəzifəsinə Namiq Tağıyev, Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru vəzifəsinə Günel Sevdimalıyeva və Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru vəzifəsinə Namiq Əliyev təyin olunublar.
Qeyd edək ki, adları çəkilən publik hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən, Komitə tərəfindən təsis olunub. Azərbaycan Standartlaşdırma İnstitutu standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir. Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir. Azərbaycan Akkreditasiya Mərkəzi isə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru vəzifəsinə təyin edilən Namiq Tağıyev iqtisad elmləri doktoru, prosfessordur. Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru vəzifəsinə təyinat alan Günel Sevdimalıyeva hüquqşünas, vəkil, Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru vəzifəsinə layiq görülən Namiq Əliyev isə vaxtilə Azərbaycanın Gürcüstanda və Moldovada fövqəladə və səlahiyyətli səfiri olub.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində