Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaq?

25 Dekabr 2017 17:31

Tanınmış ekspert benzinlərin aksiz vergisinin 200 dəfə artırılmasına aydınlıq gətirib.

Bu gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.
Qeyd edək ki, aksiz dərəcəsi 95-dən az oktan ədədi olan benzin üçün artırııb. Xatırladım ki, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi.
Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur.

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək: "Həmin benzinlərə tətbiq edilən aksız dərəcələri dəyişdirilməyib. Eyni zamanda daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ 92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir".

V.Bayramov qeyd edib ki, əgər yaxın zamanlarda qiymət artımı baş versə, bunun iqtisadi əsası olmayacaq: "Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzin istehsalının azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir: "Bu baxımdan Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzin növlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə, belə artımların iqtisadi əsası olmayacaq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində