"Əsl peşəkarlıq odur ki..."

25 Dekabr 2017 21:03

"Son dövrdə çəkilən filmlər arasında peşəkarlığı ilə seçilənləri çox azdı..."

Bu təəssüratını xalq artisti Səidə Quliyeva bu günlərdə "Nizami" Kino Mərkəzinin foyesindəki afişaları nəzərdən keçirərkən dilə gətirdi. Teatr və kino aktrisası Milli.Az-a bildirdi ki, bir çox filmlərin ümumiyyətlə nədən ötrü çəkildiyi anlaşılan deyil.

S.Quliyeva: "Mən belə açıqlamaları hər sayta, hər jurnalistə bildirən deyiləm. Sizin peşəkarlığınıza bələd olduğuma görə məni düşündürən, narahat edən məqamları bölüşürəm. Bu yaxınlarda bir gənc rejissorumuz bildirmişdi ki, çoxlu sayda aktyorları, aktrisaları kastinqdən keçirdim, amma tələblərə cavab verənini seçə bilmədim. Bu, necə ola bilər axı? Qoy o rejissor imkan yaratsın, kastinqi mən keçirim və görsün ki, bizdə necə peşəkar aktyorlar, aktrisalar var".

Vaqif Mustafayev kimi aktyorla işləmək və film müəllifi kimi sözünü demək baxımından müstəsna istedada malik kinorejissorun ekran əsərlərinin yaradıcı heyətinin əvəzolunmaz üzvlərindən biri olan Səidə xanım deyir ki, əsl rejissor odur ki, aktyorun özünün belə özündə o vaxta qədər kəşf etmədiyi bacarıqları kəşf edə bilsin.

S.Quliyeva:

"Bəzi gənc aktrisalarımız peşəkarlığın nə demək olduğunu ümumiyyətlə anlamırlar. Son dövrdə adı tez-tez hallanan və özünü aktrisa kimi təqdim edən bir gənc xanımın rolunu ifa edərkən ağlamasını peşəkarlıq, böyük ustalıq hesab etməsi də məni çox təəccübləndirmişdi. Ağlamağa nə var ki? Əsl peşəkarlıq odur ki, rolun ifaçısının ağlaması tamaşaçını ağlatsın, ona təsirsiz qalmasın. Mən vaxtilə Akademik Milli Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" pyesində Sevinc obrazını məşq edəndə o obrazla təmasım məşqlərlə məhdudlaşmırdı, evdə də özümü Sevinc kimi hiss etməyə çalışırdım ki, tamaşaçı məni bu obrazda səhnədə seyr edəndə iztirablarımın həqiqiliyinə inansın. Bizə peşəkarlığın nə demək olduğunu öyrədəndə belə incəliklərə fikir verməyi tövsiyə ediblər. Yalnız bu cür dayaqları olan tamaşalar, filmlər dönə-dönə tamaşaçı toplamağa qadirdir. Əks halda onların ömrü bir nümayişlik olur və xatirələrdə heç nə qoymurlar..."

Samirə Behbudqızı

Milli.Az