Alov dillərinə bənzəyən çiçəklər

25 Dekabr 2017 23:30

Siklamen Afrika ölkələri və İranda geniş yayılmış bitkidir, heyrətamiz gözəlliyə malik çiçəkləri var. Bitki adını latın sözü olan "cyclus"-dan götürüb. Tərcümədə adının dairə mənası verməsi böyük ehtimalla kök yumrularının kürəşəkilli olması ilə əlaqədardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siklamen çoxillik bitki olsa da, ilin çox hissəsini sükunət vəziyyətində keçirir, çiçəkləmə dövrü cəmi üç ay çəkir. Otaq şəraitində becərilən siklamenlərdən İran sortunun çiçəkləri daha yaraşıqlıdır. Qeyri-adi formalı və parlaq rəngli çiçəklərin ləçəkləri yuxarıya doğru inkişaf edir və elə buna görə də onu alov dillərinə bənzədirlər. Çiçəklərinin rəngi müxtəlifdir və al qırmızıdan solğun bənövşəyi, hətta ağ rəngə qədər dəyişir. Uzun çiçək saplaqları boz gümüşü rəngdə olur.

Siklamen xüsusi qulluq tələb etmir və şəraitə qarşı da o qədər tələbkar deyil. Onu hətta gülçülükdə təcrübəsi olmayanlar da becərə bilər. İlk növbədə onu işıqlı yerdə və istilikverən cihazlardan uzaqda saxlamağa çalışmaq lazımdır. Onun saxlanıldığı otaq yaxşı havalandırılmalıdır. Ən ideal yer aynabənd, qapalı eyvanlar və şimala baxan pəncərələrin qarşısıdır.

Onun çoxaldılması üçün ən sadə üsulu toxumla çoxaltmadır, bunun üçün bitki çiçəkləmə dövründə yumşaq fırça vasitəsilə tozlandırılır, çiçəklər təbii şəkildə solandan sonra qutucuq meyvədən toxumlar toplanır. Toxumlar əvvəlcə isladılır, sonra xüsusi qruntlara əkilir və bir-iki ay qaranlıqda qalandan sonra cücərir. Yalnız bundan sonra onları işığa çıxarmaq, iki-üç yarpaq əmələ gələndən sonra isə əkmək olar. Təzə siklamen bir-iki ildən sonra çiçəkləməyə başlayır.

Vegetasiya, yəni sakitlik dövrünə girəndə bitkinin yarpaqlarını tökməsi normal hesab olunur. Çiçəkləmə dövründə onun yarpaqlarını tökməsi isə bitkinin çox yüksək temperaturda saxlanıldığını göstərir. Belə olanda dibçəyi daha sərin yerə qoymaq və bir neçə gün bol sulamaq lazımdır. Həm də nəzərə almaq lazımdır ki, siklamen yuxarıdan sulananda və torpağı həddindən artıq nəm olanda çürüməyə məruz qalır.

Milli.Az