Konte klubdan dəstək istədi: “Az da olsa, hörmətə layiqəm”

18 Dekabr 2017 20:06

"Çelsi"nin baş məşqçisi Antonio Konte klub rəhbərliyindən dəstək istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o bəyan edib ki, klubda baş məşqçi dəyişikliyi olacağı barədə yayılan xəbərlər komandanın nəticələrinə mənfi təsir göstərir:

"Hər gün eşidirəm ki, mənim yerimə kimisə gətirirlər. Bu, doğru deyil. Hesab edirəm ki, mən ötən mövsüm göstərdiyim nəticəyə, bu mövsümkü işimə görə, az da olsa hörmətə layiqəm. Amma mətbuatda oxuyuram ki, "Çelsi"yə yeni baş məşqçi gətirilir. Bu isə komandanın oyununa təsir göstərir. Axı futbolçular düşünməyə başlayır ki, biz təzliklə yolları ayıracağıq".

Konte qeyd edib ki, klubla hələ bir illik müqaviləsi var və komandaya fayda vermək üçün əlindən gələni edir: "Ötən mövsüm biz İngiltərə çempionu olduq. Halbuki bizim transfer fəaliyyətimiz Manşester və London klubları kimi uğurlu olmamışdı. Hamı onları favorit göstərsə də, qalib biz olduq. Bu işi mən hazırkı mövsümdə də davam etdirirəm. Biz komandada orta yaş həddini dəyişmək istəyirik. İndi hesab edirəm ki, hazırkı komandamız ötən ilkindən daha cavandır. İndi elə bir vəziyyətdəyikm ki, səbr edib nəticələri gözləmək lazımdır. Əminəm ki, bu da olacaq".

Konte klub rəhbərliyini onun ideyaları dəstəkləməyə də çağırıb.

Xatırladaq ki, "Çelsi" hazırda İngilgərə Premyer Liqasında lider "Manşester Siti"dən 14 xal geri qalmaqla 3-cü yeri tutur. Komanda Çempionlar Liqasında isə 1/8 finala çıxa bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində