Böyükağa Hacıyev: ""Neftçi" kimi klubun baş məşqçisi olmaq böyük xoşbəxtlikdir"

29 İyul 2011 20:27
"Neftçi"nin baş məşqçisi postuna təyinatım hələ reallaşmayıb. Məsələyə bu gün axşam aydınlıq gələcək. Bundan sonra suallarınıza dəqiq cavab verə bilərəm".

Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Böyükağa Hacıyev deyib.

Ötən ay Azərbaycanın əməkdar məşqçi adına layiq görülən 53 yaşlı çalışdırıcının "Neftçi"nin "sükanı arxasında" Arif Əsədovu əvəzləyəcəyi reallaşmaq üzrədir. Məsələnin rəsmiləşməsi qalıb ki, bu da Hacıyevin "Neftçi" rəhbərliyi ilə görüşündən sonra baş tutacaq: "Axşam saatlarında görüşüm olacaq, zəng gözləyirəm. Ancaq indidən dəqiq deyə bilmərəm ki, həmin zəng gələcək, yay yox. Təyinatım reallaşsaydı, açıqlayardım. Özünüz bilirsiniz ki, səmimi insanam və açıq danışmağı xoşlayıram".

Hacıyev növbəti çempionatın startına 1 həftə qalmış bu yükün altına girməyə özünü hazır sayır: "Neftçi" kimi komandanın baş məşqçisi olmaq həm böyük xoşbəxtlik, həm də böyük məsuliyyətdir. Üstəlik, klubun Sadıq Sadıqov kimi qabiliyyətli, yüksək insani keyfiyyətləri malik bir prezidenti var. Mən onu yaxşı tanıyıram".

Qeyd edək ki, Hacıyevin son iş yeri ötən il yollarını ayırdığı "Standard" klubu olub. O, karyerasında ən uğurlu komanda olan "Bakı"nı 2006-cı ildə mövsümün sonuna 8 tur qalmış baş məşçqi postuna keçərək, ölkə çempionu edib.

Milli.Az