Azərbaycan Prezidenti: "Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq"

7 Dekabr 2017 17:37

"Qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq".

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat" Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni "ASAN"a tapşırandan sonra çox gözəl sistem yaradılıb".

İlham Əliyev əlavə edib ki, tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlayıb və beş min böyük rəqəmdir:

"Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var "ASAN" bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və "ASAN xidmət"də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm".

Milli.Az