Azərbaycan Ermənistan prezidentinin helikopterini məhv edə bilər - Artıq hamı deyir - FOTO

5 Dekabr 2017 07:00

Ermənistan prezidentinin Serj Sarkisyanın növbəti dəfə hərbi helikopterlə Azərbaycanın hava məkanına icazəsiz daxil olub işğal olunmuş ərazilərə getməsi böyük hiddət doğurub.

Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 1-də Azərbaycanın işğal edilmiş ərazilərinə "işgüzar səfər edib". "Səfər" zamanı ilk dəqiqəsindən son anadək hərbi geyimdə olan Sarkisyan Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərində olub, burada ordu qərargahında müşavirə keçirib, daha sonra işğalçı erməni ordusunun təlimlərini izləyib.

Özü də Sarkisyan bu "səfər"ini Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Rusiyanın vasitəçiliyi ilə danışıqların yerindən tərpəndiyi vaxtda, eləcə də Ermənistanın "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş" imzaladığı Avropa Birliyinin son Brüssel sammitində dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının önə çəkildiyi Birgə Bəyannamənin qəbul edilməsindən cəmi bir həftə sonra etdi. Sarkisyanın Azərbaycan sərhədlərini qanunsuz keçməsini beynəlxalq aləmə nümayişkəranə və açıq hörməsizlik şəklində ifadə etməsində məqsəd nədir?

Bununla bağlı "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov Milli.Az-a açıqlamasında bildirib ki, Ermənistanın bu addımı siyasi şoudur və ölkədə nüfuzunun artmasına hesablanıb:

"Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda son zamanlar fəallıq hiss olunurdu.

Ermənistan prezidenti Azərbaycana gəlib: Əcəba, niyə?!

Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Bundan bir az əvvəl isə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə İsveçrədə prezidentlər arasında da təkbətək görüşdə danışıqlar aparılmışdı. Lakin daha sonra Avropa Birliyinin Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammiti dolayısı da olsa, bu danışıqlara təsir göstərdi. Sammitdə Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına dair bəyanatlar səsləndirildi və bu yanaşma imzalanan bır sıra sənədlərdə də yer aldı. Maraqlısı odur ki, Avropa Birliyi ilə imzaladığı "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş"də də Ermənistan ölkələrin ərazi bütövlüyünü tanıyır və bununla da, gələcəkdə AB ilə əməkdaşlıq çərçivəsində hüquqi-iqtisadi baxımdan Dağlıq Qarabağdan təcrid vəziyyətinə düşəcək. Bundan əlavə, Avropa şirkətlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağda fəaliyyətinə qadağa qoyulub. Bütün bunların fonunda və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların yeni bir mərhələsi başlandığı ərəfədə Ermənistan prezidenti işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfər edir.

Əgər Sarkisyanın son illərdəki fəaliyyətinə nəzər yetirsək, görərik ki, o, çalışır ki, Azərbaycan prezidentinin gördüyü uğurlu işləri təkrarlasın.

Sarkisyan Qarabağa gəldi və hərbçilərlə müşavirə keçirdi

Çünki hazırda Sarkisyanın Ermənistanda nüfuzu çox aşağı səviyyədədir. O, baş vermiş Konstitusiya dəyişikliklərindən və parlamentli respublikaya çevrildikdən sonra 2018-ci ildə prezident kürsüsünü tərk edib Baş nazir olmaq istəyir. Amma bunun üçün o, yenidən nüfuzunu qaldırmalıdır. Onun AB ilə saziş imzalaması da, hərbi geyimdə Dağlıq Qarabağa qanunsuz getməsi də ölkə daxilindəki ictimai rəyə, nüfuzunun artmasına hesablanıb. O, Dağlıq Qarabağa hərbi helikopterlə hərbi geyimdə gəlib. Düzdür, Azərbaycan ordusu Azərbaycanın hava sərhədini pozduğuna görə bunu əngəlləyə, həmin helikopteri rahatca vura bilər. Təbii ki, bu, hərbi baxımdan mümkündür, amma onun vurulmaması görünür, daha çox siyasi məsələdir.

Azərbaycan prezidentinin, müdafiə nazirinin tez-tez cəbhə bölgəsinə getməsi, burada hərbi müşavirələr keçirməsi fonunda Sarkisyan da özünə bir siyasi şou düzəldib və Dağlıq Qarabağa gedərək özünü hərbi tədbirlərdə göstərib. Dağlıq Qarabağda ordunun vəziyyəti aydındır və onu bundan artıq gücləndirmək üçün Ermənistanın maddi və iqtisadi imkanları yoxdur".

"Atlas" Araşdırmalar və Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə isə, Azərbaycan onun hava sərhədlərini pozan istənilən hərbi obyekti, o cümlədən Ermənistan prezidentinin hərbi helikopterini də vurmalıdır:

"Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa helikopterlə gəlib-gedir. Həmin helikopter Azərbaycan sərhədini hər dəfə pozur. Sərhəd pozucusuyla necə rəftar edirlər? Bəli, hava məkanını icazəsiz və mütəmadi pozan təyyarəni və helikopteri vururlar. Bəs belə isə Sarkisyanın helikopterini də vurmaq olarmı? Olar. Ancaq bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi bu səpkili açıqlama yaymalıdır: "Azərbaycan hava məkanını pozanlara qarşı tədbirlər sərtləşəcək, hərbi təyyarələrimiz Qarabağ və işğal altındakı digər torpaqlar da olmaqla ölkənin hava məkanı üzərindəki nəzarəti gücləndirir". Bundan sonrasına görə məsuliyyət hava sərhədini pozanların üzərində olacaq. Torpaq işğal altındadır, hava məkanı ki, işğal olunmayıb. Kimsə bizə Qarabağ səmasını nəzarət altına almağa mane ola bilməz! Müxtəlif ölkələrdən alınan hərbi təyyarələrimizin uçuşlarını intensivləşdirməsinə ehtiyac var".

Milli Məclisdə komitə sədrinin müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev isə bununla bağlı Milli.Az-a açıqlamasında Ermənistan prezidentinin bu saymazlığının qəbuledilməz olduğunu və onun helikopterinin də vurula biləcəyini deyib:

"Serj Sarkisyan dünya ictimaiyyətinin gözü qarşısında bütün beynəlxalq hüquq norma və prinsiplərinə açıq-aşkar zidd hərəkət edir, təəssüf ki, buna lazımi qiymət verilmir. Təbii ki, böyük dövlətlər, ATƏT-in Minsk qrupunun bütün üzvləri, o cümlədən həmsədrlər bu cür hərəkətlərin qarşısını almaq üçün öz sərt mövqeyini bildirməlidirlər. Amma belə bir mövqe yoxdur, ona görə də Sarkisyan özünü ərköyün uşaq kimi özbaşına və rahat hiss edir. Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan ərazilərindən hələ də çıxarmayıb və işğal siyasətini davam etdirir. Buna da göz yumulur. Bu ikili standartlardan başqa bir şey deyil.
Buna baxmayaraq, Azərbaycan sülh tərəfdarı kimi danışıqlar prosesini davam etdirir. İnanıram ki, bu mövqe və danışıqlar öz bəhrəsini verəcək. Ermənistan rəhbərliyi nə qədər təxribatçı və terrorçu düşüncəsində olsa da, Azərbaycan dəfələrlə güclüdür və sülh yolu ilə də öz ərazi bütövlüyünü təmin edə biləcək.

Ermənistanın hərbi helikopterinin Azərbaycanın hava məkanına qanunsuz daxil olmasına gəlincə, Azərbaycan hava məkanına qanunsuz daxil olmuş Ermənistanın hərbi helikopteri artıq bir dəfə Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurularaq məhv edilib. Əgər ehtiyac yaranarsa, yenə də vura bilərlər. Burda heç bir problem yoxdur. Ölkə prezidenti İlham Əliyev də dəfələrlə deyib ki, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun!"

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri təxminən 3 il əvvəl Azərbaycanın hava məkanında qanunsuz uçan Ermənistanın hərbi helikopterini vurmuşdu. Belə ki, 2014-cü il noyabrın 12-də erməni ordusunun işğalı altında olan Ağdam rayonunun səmasında düşmənə məxsus məxsus Mi-24 helikopterinin vurulması nəticəsində helikopterlə yanaşı 3 erməni zabiti də məhv edilmişdi.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində