Məktəblərdə bu vəzifələr üzrə işə qəbul üçün imtahan olacaq

1 Dekabr 2017 15:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin qeydiyyat mərhələsi yekunlaşıb.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 999 nəfər https://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçib. Onlardan 101-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 631-i laborant olmaq istəyən şəxslərdir.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət olunacaq.

Qeyd edək ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində