London Olimpiadasına bir il qaldı

28 İyul 2011 08:37
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Stratford ərazisindəki Akva Mərkəzi çərşənbə günü açılıb. Britaniyanı Olimpiadada təmsil edəcək üzgüçü açılışı qeyd etmək üçün ilk olaraq mərkəzin hovuzuna baş vuracaq.

Trafalqar meydanında Olimpya medallarının dizaynı nümayiş olunacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jacques Rogge bu mərasimdə iştirak edəcək.

London 2012 Olimpiya Təşkilat Komitəsinin sədri Lord Coe deyib ki, təşkilatçıların planı cədvəl üzrə gedir.

O, bu günü London 2012 Təşkilat Komitəsi (Locog) üçün "böyük an" adlandırıb.

Lord Coe əlavə edib ki, iki milyon adam 23 milyon bilet üçün ərizə verib və 250 000 insan oyunlarda könüllü işləmək üçün namizədliklərini irəli sürüb.

"Fövqəladə tələbat vardı və bu coşqunu davam etdirmək üçün böyük imkan mövcuddur. Olimpiya Oyunlarının tarixində heç bir idmana və mənim həyatda gördüyüm heç bir idmana bu cür tələbat olmayıb".

Trafalqar meydanında keçirilən tədbirdə cənab Rogge dünyanı gələn yay Olimpiya oyunlarını bayram etmək üçün Londona gəlməyə çağıracaq.

"The Feeling" pop qrupu, tanınmış radio aparıcısı və xor tədbirdə iştirak edəcək.

Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Britaniya Missiyası Olimpiadada 9 dəfə qızıl medal almış Carl Lewis və BMT Baş katibi Ban Ki Mun iştirakı ilə bir il öncəsi tədbir keçirir.

Xarici işlər nazirliyi dünyanın 100-ə yaxın ölkəsində Olimpiadaya turistləri, biznesləri, tələbə və idman adamlarını cəlb etmək üçün tədbirlər təşkil edib.

Olimpiya oyunlarına bir il qalmış 6 Olimpik Park bina və ərazilərinin hər birində tikinti başa çatdırılıb, bu barədə Olimpiya Təchizatı Hakimiyyəti (OTH) xəbər verib.

269 milyon dəyəri olan Akva Mərkəzin dizayneri Zaha Hadiddir. Üzgüçü Tom Daley deyib ki, mərkəzdə suya baş vuran ilk şəxs olmaq onun üçün şərəfdir.

OTH-nin sədri Jon Armit bildirib ki, Olimpiadaya hazırlıq layihəsi iş yerlərinin və treninqlərin açılmasına səbəb olub. O, Britaniya iqtisadiyyatı üçün problemli bir vaxtda 40 min insanın bu layihədə iş aldığını və tikinti kontraktlarının 98 faizinin Britaniya şirkətlərinə aid olduğunu deyib.

Olimpiya oyunlarına cəmi bir il qalmış London polisi problemlərlə üz-üzədir.

Tarixində ən böyük dinc təhlükəsizlik əməliyyatlarına hazırlaşan polisin iki yüksək rütbəli rəsmisi, o cümlədən Komissar Ser Paul Stephenson News of the World qəzeti müxbirlərinin gizli telefon dinləmələri qalmaqalından sonra istefa verib.

Ancaq Lord Coe deyib ki, təhlükəsizlik üçün lazım gələn bütün tədbirlər görüləcək.

Milli.Az