Avropa Şurası və Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrə demokratiya və qanunun aliliyinin inkişafı üçün 3 illik yardım proqramının tətbiqinə başlayacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq razılaşma bu gün Brüsseldə Avropa Şurasının baş katibinin müavini Qabriela Battani -Draqoni və Avropa Komissiyasının nümayəndəsi Mixael Keller tərəfindən imzalanıb.
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Komissiya və Avropa Şurası imzalanmış müqavilə çərçivəsində artıq 2015-ci il üçün tədbirlər planını razılaşdırıblar.
Aİ və AŞ-nın proqramı ümumilikdə 3 il müddətinə hesablanıb. Yardım ümumi həcmi 33,8 mln avro təşkil edir. Qabriela Battani -Draqoni Avropadakı cənub qonşulara yardım məsələsində gələcəkdə Aİ ilə əməkdaşlığın davam etdiriləcəyini istisna etməyib.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı keçmiş SSRİ-nin 6 respublikasını: Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusu əhatə edir.
Milli.Az