Polad Bülbüloğlu və Mübariz Mənsimov Türkiyədə mükafata layiq görüldü
24 Mart 2010 22:43
Türkiyədə nəşr olunan "Siyasət" jurnalı ənənəvi olaraq hər il verdiyi "Siyasətin mükafatları"nı bu il də təntənəli mərasimlə sahiblərinə təqdim edib. Sheraton Otelində təşkil edilən mərasimdə bu mükafata layiq görülən P. Bülbüloğlu da iştirak edib.
Tədbirdə aparıcılığı Seray Sevər və məşhur aparıcı Osmantan Erkır edib. Mərasimi jurnalın İdarə Heyətinin rəhbəri Gül Kılıçaslan açaraq, dərginin nəşrə başladığı 1994-cü ildən bu yana keçdiyi yoldan danışıb. Çıxışdan sonra mükafatların təqdim olunma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Qürur Mükafatı təqdim edilib. P. Bülbüloğlu mükafatı aldıqdan sonra "Gəl ey səhər" mahnısını ifa edib. Onun bu jesti iştirakçılar tərəfindən gur alqışlarla qarşılanıb.
İlin İş Adamı Mükafatına isə Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov layiq görülüb. Tədbirdə mükafatı Mübariz Mənsimovun əvəzinə Palmali Şirkətlər Qrupunun vitse-prezidenti Kərəm Tumay alıb. Mübariz Mənsimov Türkiyədə media, aviasiya, idman, tikinti, turizm, su nəqliyyatında yükdaşımaları, gəmiqayırma və səhiyyə sahəsinə yatırdığı investisiyalara görə bu mükafata layiq görülüb. M.Mənsimovun rəhbərlik etdiyi Palmali Şirkətlər Qrupu tankerlərlə yük daşınması sahəsində dünyanın ən nüfuzlu şirkətlərindən hesab edilir.
/ANS PRESS/