Elxan Şirinov: "... o iki ildə çox tək oldum" - MÜSAHİBƏ - FOTOSESSİYA

17 Noyabr 2017 20:36

Ailem.az-ın müsahibi əməkdar artist Elxan Şirinov olub.

Milli.Az həmin müsahibəni təqdim edir:

- Elxan müəllim, sənətinizdə hansı yeniliklər var?
- İndi yeniliklər az-az olur. Amma əvvəllər onlarla mahnım birdən hazırlanırdı. İndi hər bir sözə, hər bir mahnıya, alboma ciddi fikir vermək istəyirəm. Axırıncı ən çox yer verdiyim mahnılar musiqisi və sözləri Yaqub Buzovnalınındır. Yəni bu səpkili mahnıları ifa etməkdə məqsədim odur ki, yenə öz yolumla davam edirəm, öz hisslərimə, duyğularıma xəyanət etmirəm. Həmin hisslərlə, arzularla yaşayıram.

- Arzular? 
- Bəli, arzular. Baxmayaraq ki, çox şey arzulamıram. Yəni mən fəlsəfi mənada çox şey arzulamıram. Yaxşı mənada azad olmağa çalışıram. İnsan arzularından əl çəkəndə azad olur. İndi bir-bir, iki-iki mahnılar hazırlayıram ki, daha qiymətli olsun.

- Yəni düşünürsünüz ki, əvvəl oxuduğunuz mahnılara elə də diqqətlə yanaşmamısınız?  
- Mən bir qənaətə gəlmişəm ki, bilsəydim, indiyə qədər 100-150 mahnı yazmazdım. Yəni lentə aldırmazdım. Bir ildən bir, bir-iki mahnı oxuyardım. O da sadəcə mənim təbiətimdən, xasiyyətimdən irəli gəlib. Kimlərisə qırmaq, geri qaytarmaq istəməmişəm və həmin mahnıları oxumuşam. Amma yaradıcılıq şəxsi münasibətləri sevmir.

- İndiyə qədər ifa etdiyiniz yüzlərlə mahnı içərisində sizin ruhunuza ən yaxın olanları hansılardır?
- "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" mahnısı ruhuma daha yaxın oldu. Xüsusilə axırıncı mahnının sözləri mənə çox təsir edir.

-  "Mən yenə axşamları tək dolaşıram"?
- 2006-2008-ci illər arası gözləyirdim ki, görəsən əməliyyatımın nəticəsi necə olacaq? O da 2008-ci ildə həyata keçdi və çox şükür, nəticələr yaxşı oldu. Bu axırıncı oxuduğum mahnını bəlkə də o iki ilə həsr etdim. Yəni o iki ildə çox tək oldum...

 - Niyə həmişə qəmgin notda köklənmiş musiqilər oxuyursuz?
- İnsan haradasa 18 yaşından 30 yaşına qədər hər şeyi emosiya ilə edir. İnanmıram  çox şeyi ağılla etsin. Bir şey də var ki, insanın yaşam tərzinə duyğusal olması, böyüdüyü mühit, həyatın o gözlənilməz sınaqlarına dözməsi də təsir göstərir. Mən də həyatda gözlənilməz sınaqlar keçirmişəm. İndi baxıram ki, belə mahnılar oxumağımın, yaxud belə təbiətli olmağımın səbəbi keçirdiyim həyat tərzi olub. Hadisələri, olayları daha çox yaxına buraxmışam. Belə bir ifadə var - ciddilik dünyanı şişirdəndə yaranır. Amma insan get-gedə mütaliə etdikcə bunlara daha fərqli yanaşır. Baxmayaraq ki, o tərz istədim-istəmədim mənim xarakterimə təsir edib və mahnılarda da özünü büruzə verir. Çox mahnılarım kövrəkdir, adamı düşündürməyə vadar edir. Ona görə də mən çox sevinirəm ki, mənə gün keçirmək üçün yox, haradasa düşünmək üçün qulaq asırlar. O mənada heç nəyə təəssüflənmirəm...

- Demək olar ki, əksər mahnılarınız nakam sevgiyə həsr olunub. Həyatda sonu ayrılıqla bitən bir sevgi yaşamısınız?
- Xeyr, məndə hər şey qaydasında olub. Həyatımda qlobal bir itki yaşamamışam. Sadəcə hər şey mənə təsir edə bilir. Ola bilər ki, bir insanın kövrək baxması mənə təsir etsin. O ki qala şəxsi münasibətlər, şəxsi itkilər ola. Hər bir insanın həyatında yaxınlarının itkisi olur. Təbii ki, mənim də həyatımda olub. Ola da bilər ki, cavanlıq illərimdə bir az sentimental olmuşam. İndi şüurlu şəkildə yanaşanda hiss edirəm ki, bəzi şeylərə çox həssas yanaşmışam, özümə çox yaxın buraxmışam. Amma reallıqla yaşamaq, bir anın hökmü ilə yaşamaq tamam başqadır. İnsan bir anla yaşamağı bacarırsa, onun həyatdan, ölümdən qorxusu yoxdur. Artıq dünyaya baxış dəyişir. Bayaq dediyim kimi, dünyanı şişirtmək kimi məsələlər ənənəvi hal alır.

- İndi hamı sosial şəbəkələrdən istifadə edir. Siz necə, texnikanın həyatımıza daxil etdiyi həmin xidmətlərdən yararlanırsınız?
- Xeyr. Hansısa musiqi nömrəsi, ictimai-siyasi, publisistik şeylərə qulaq asmaq üçün youtubedan istifadə edirəm. Amma facebook və sair sosial şəbəkələrdən istifadə etmirəm. Lazımsız sözlər söyləmək, kiminsə lazımsız sözlərini görmək, eşitmək istəməzdim heç vaxt. Yaxud da layiq oldu-olmadı kimsə sənə söz desin, yazsın. Bu, mənim şəxsi qənaətim, subyektiv fikrimdir. Ona görə də sosial şəbəkələr çıxanda məni həyəcan bürümüşdü ki, bu nədir? Pis şeydir. Qorxurdum ki, bu, yalnız insanı məhv etməyə yönəlib.

- Ailənizdə də istifadə etmirlər?
- Bir oğlum var, Allah hamının balasını xoşbəxt etsin. Yəqin ki, onun da sosial şəbəkələrdən asılılığı yoxdur.

- Oğlunuzdan söz düşmüşkən, onun da yaxşı səsi varmı? Sizin yolunuzu davam etdirir, yoxsa..? 
- Yox, oğlum tamam başqa bir sahədədir. İqtisad təhsillidir. Mənim də musiqidən əlavə başqa ixtisasım var.

- Elə onu sual vermək istəyirəm ki, hansı sizə doğmadır? Müəllimlik, yoxsa müğənnilik?
- Çox vaxt mənə müğənni deyəndə acığıma gəlir. Baxmayaraq ki, mənə doğma olan, məni həyatda yaşadan musiqidir. Musiqi ilk gündən mənim varlığımda var. Amma ikinci qazandığım müəllimlik peşəsini də çox sevirəm.

- Bilirik ki, sizi sevənlər çoxdur. Heç konsert verməyi düşünürsünüz?
- İndi birmənalı şəkildə deyə bilərəm, konsert olmayacaq, nəzərdə tutulmur. Amma hər şey bir anın içində elə alınar ki... Necə ki, 2002-ci ildə olmuşdu. Onda da 15-20 gün ərzində planlaşdırdıq ki, konsert olmalıdır və oldu. Yəni haçansa onun vaxtı gəlməlidir. Əlbəttə, buna reallıq da imkan verməlidir - lazım olan musiqiçilər yanında olsun, mahnılar hazır olsun. Bununla yanaşı, heç hazırda konsert vermək zamanı da deyil. Çünki konsertə tələbat azalıb. Sizin o dediyiniz sosial şəbəkələr və sairə görə. Amma hər şey Allahın əlindədir və bir gün ola bilər...

- Toylara gedirsinizmi? 
- Yox, çox getmirəm. Yalnız dost-tanış, qohum-əqrəba toyuna gedirəm.

- Bəs maddi dolanışığınızı necə təmin edirsiniz?
- Berlin ifadəsi var - "Hamı necə, mən də elə".

- Sənətçilər arasında dostluq etdiyiniz biri varmı?
- Yox, ümumi əlaqələr var. Yəni dostluq başqa anlamdır. Artıq uşaq deyilik, deyək ki bu mənim dostumdur, hər şeyimdir. Artıq dostluğa alman fəlsəfəsi nəzərindən baxırıq. Həmin fəlsəfədə dost düşmən anlamında işlədilir. Nizami Gəncəvi deyirdi: 

Dost kimdir? Dost sirrini saxlayan bir vəfadar.
Məgər dostmu yel kimi hər pərdəni açanlar?
Onların fikri-zikri səni yormaq, şaşırtmaq
Qazancını, ruzini bir əfsunla aşırmaq.

Sən demə dost yox, yoldaş olmalı imiş. Birinci sənin dostluğun daxili mənindir. Artıq dost üçüncü şəxsdir. Əvvəllər də sənət aləmində özüm öz dostum idim. Yəni mahnıları hazırlayırdım, alırdım, yazdırırdım. Yenə də bu yolla davam etmək istəyirəm.

- Sizcə, bu həyatda mükəmməl insan olmaq mümkündürmü? 
- İnsan istər-istəməz öz dünya görüşünü yönləndirməlidir. Nəfs içində Allahın olduğu bir davranış biçimidir. Artıq bu ifadə mənim həyatıma mayak kimi yol göstərir. İnsan nəfsinə qalib gələ bilirsə, mənə elə gəlir ki, bu, birbaşa mükəmməlliyə doğru bir yoldur. O yolda olmaq daha da ləzzət verir adama. Mən bayaq pafos xətrinə demədim ki, arzularımdan əl çəkdim. Mən insanın daxili aləminin azadlığından bəhs edirəm.

- Elxan müəllim, sonda özünüz nəsə demək istəyərdiniz, yaxud sizdən soruşmağımızı arzulayardınız?
- Əksinə, çox şey soruşdunuz. Hətta mənim istəmədiyim şeyləri də soruşdunuz. Amma xahiş edirəm ki, olduğu kimi getsin hər şey. Söylədiklərim heç bir yerə yozulmasın. Bilirsiniz niyə deyirəm? Çalışıram ki, Bəxtiyar Vahabzadə demiş, seçmiş-seçəcək daima fikrim tükü-tükdən. Gərək yaşayışımızı elə quraq. Nə qədər yaşasaq da, qəlb qırmayaq, incitməyək. Nə qədər bacarırıqsa, xeyirxah olaq. Bir arzum var ki... Bax görürsünüz deyirəm ki, arzum yoxdur, amma arzu özü yenə də gəlir... (Bir xeyli fasilə verir) ... Bax, yadımdan çıxdı, bir arzum var idi...
 
P.S. Elxan müəllimi yola salarkən dedi, nə qədər fikirləşdim o arzunun nə olduğu heyf ki, yadıma düşmədi. Yəqin, oxucular danışıqlarımdan həmin arzunun nə olduğunu özləri anlayacaqlar...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində