“Erməni soyqırımı” martın 29-da Britaniya parlamentində

24 Mart 2010 18:19
Böyük Britaniyanın Lordlar Palatası martın 29-da uydurma erməni soyqırımına dair qanun layihəsini müzakirə etməyi planlaşdırır. "Armenia Solidarity" təşkilatının bəyanatına əsasən, britaniyalı parlamentarilərə uydurma erməni soyqırımını qəbul etməyən ölkənin ədliyyə naziri Cek Stroya ünvanlanan tənqid və müzakirələrdə iştiraka çağırışların yer aldığı bukletlər paylanacaq.

Bəyanat müəlliflərinin sözlərinə görə, ədliyyə naziri Krallıq vəkili Ceffri Robertsonun bu yaxınlarda qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi hüquqi fikirləri, həmçinin soyqırımları tədqiq edən Beynəlxalq Alimlər Assosiasiyasının (IAGL) bu mövzu ilə bağlı mövqeyini qəbul etmir.

"Biz, parlamentariləri "erməni soyqırımı"nı danan Cek Stronu məzəmmət etməsi üçün Böyük Britaniyanın Baş nazirinə təzyiq göstərməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Müəlliflər qeyd edirlər ki, Cek Stronun mövqeyi Türkiyənin Böyük Britaniyadakı səfirliyi və ölkə parlamentindəki İsrail lobbisinin təzyiqlərinin nəticəsidir.

Xatırladaq ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyaya səfəri zamanı ədliyyə naziri Cek Stro uydurma erməni soyqırımına dair qanun layihsinin qəbul olunmayacağına dair zəmanət verib.

"Mən hamını əmin edə bilərəm ki, qanun layihəsinin qəbulu sıfıra bərabərdir", -deyə Stro bildirib və əlavə edib ki, nə hökumət, nə də ki, müxalifət bu qanun layihəsini dəstəkləmir.

/ANS PRESS/