Dünyada enerjiyə tələbat 2040-cı ilədək 30 faiz artacaq

14 Noyabr 2017 23:32

Qənaət tədbirlərinə və yeni texnologiyaların tətbiqinə baxmayaraq, 2040-cı ilədək dünyada enerjiyə tələbat 30 faiz artacaq. Artım hazırda Çinin və Hindistanın birgə tələbatına bərabər olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) yaydığı "Dünya enerji icmalı" adlı hesabatda qeyd edilir ki, Avropa, ABŞ və Yaponiyada yaxın gələcəkdə enerjiyə tələbat azalsa da, Hindistan və Çin kimi ölkələrdə ciddi şəkildə artacaq. Artan enerji tələbatının ən böyük hissəsi Hindistanın payına düşəcək (1 trilyon ton xam neft ekvivalenti). Sonrakı yerlərdə Çin (790 milyon ton), Afrika qitəsi (485 milyon ton), Yaxın Şərq (480 milyon ton) və Cənub-Şərqi Asiya (420 milyon ton) dayanır. Əlavə enerji tələbatının üçdə iki hissəsi Asiya ölkələrinin payına düşəcək.

Agentliyin proqnozuna görə, tələbatın artımı ilə yanaşı, enerji daşıyıcılarının tərkibində də dəyişiklik olacaq. Enerji daşıyıcıları içərisində ən çox ehtiyac təbii qaza olacaq. Eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadə də geniş vüsət alacaq. Enerji artımının 40 faizi bərpa olunan enerji mənbələrinin hesabına təmin olunacaq. Bununla da kömür istehsalı tənəzzülə uğrayacaq.

Hesabatda, həmçinin qeyd edilir ki, xam neftə tələbat artsa da, tədricən bu yanacaq növünə ehtiyacın azalması müşahidə olunacaq. Eyni zamanda, atom enerjisinə maraq öz qüvvəsini saxlayacaq. 2030-cu ildə Çin dünyanın ən böyük nüvə enerjisi istehsalçısı kimi ABŞ-ı geridə qoyacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin