"Vuvana", yaxud Pantomim Teatrının yeni kəşfi

14 Noyabr 2017 17:52

Adam teatra, kinoya, sərgiyə, konsertə nədən ötrü gedir? Bəziləri incəsənəti sadəcə sevdiyi üçün (sevgi obyekti ilə hər görüş arzuolunandı), bəziləri onu aşkar, və ya şüuraltı tərzdə narahat edən hansısa suala cavab tapmaqdan ötrü, bəziləri istirahətini mədəni keçirməkdən ötrü, bəziləri isə asudə vaxtını nə iləsə doldurmaq üçün. Aha... Bax, elə bu "nə ilə" məsələsi hər bir incəsənət təzahürünü ayaqda saxlayan və onun həndəvərində ayaq saxlamağa sövq edən amildir, çünki "nə iləsə" dedikdə mütləq mənada yeni təəssürat nəzərdə tutulur. Həmin yeni təəssürat olmasa, boş vaxt boşuna keçirilmiş hesab olunacaq.

Dövlət Pantomim Teatrı mübaliğəsiz şəkildə hər bir tamaşası ilə bu və ya digər dərəcədə sadalanan bütün tələbatlara cavab verməsi ilə fərqlənən seçilmiş məkanlardandır. Ötən həftəsonu "Vuvana" tamaşasında da belə oldu. Üstəlik truppa yeni kəşfini də təqdim etdi. Bu barədə bir qədər sonra... Ən əsası isə bu tamaşa bütün digər əlamətdarlıqları ilə sırf pantomim səhnə əsəri olması ilə də yaddaqalan oldu. Janrı olmaq kimi təyin edilmiş tamaşanın süjet xətti həm var, həm də yoxdur. Qaranlıq səhnə, üzərlərinə xəfif işıq salınmış kişi və qadın, qurumuş, lakin sonra dirçələn və yarpaqlayan ağac və bəzi digər əşyalar. Beş şəkilli səhnə əsəri və ya beş epizodlu film-tamaşa kişi-qadın münasibətləri fonunda yaradan, doğuran, həyat, nəfəs verən, yaşadan qadının fərdi, bu başlanğıca özünəxas tərzdə layiq olmağa çalışan kişinin ayrılıqda və ikisinin birlikdə özlərini tanımalarından keçən duyumlar və addımlar silsiləsidir. Səhnənin tam qaralması ilə bir-birindən ayrılan şəkillər və ya epizodlar minimalistik dekorların və ikicə iştirakçının vəziyyətlərinin dəyişməsi ilə hər dəfə yeni əhval canlandırır. Ab-hava, libaslar, musiqi və s. ilk təəssüratda hansısa Asiya xalqının folklorunu andırsa da, tədricən bu anım hər hansı folklorun yarandığı dövrlərdən də əvvələ aidliyi ilə qabarır.

Tamaşanın süjetinin müəllifi Vüsal Rzasoy, quruluşçu rejissorları, plastik həll üzrə rejissorları, rəssamları və musiqi tərtibatçıları və rolların ifaçıları əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, bədii rəhbəri xalq artisti Bəxtiyar Xanızadədir. Pantomim Teatrının yeni kəşfi məhz Vüsal Rzasoydu. Son illərini səyahətdə keçirən, Bakıya dönməzdən öncə iki il Baltikyanı ölkələrdə yaşayıb rok musiqiçisi kimi fəaliyyət göstərən bu gəncin ifadəli üzü, sərbəst davranışı, özünəxas artistizmi onun teatrla təmasının ilk dəfə baş tutmasına az qala inanmamağa sövq edir. Əlbəttə, bu bir zarafatdır. Amma Pantomim Teatrının tamaşalarını vaxtaşırı izləyib özünü məhz bu məkanda görən, sınayan Vüsal bəyin keçmiş həyatda teatr sənəti ilə məşğul olmasına şübhə yeri qalmır. Əlbəttə, onun debütünün uğurlu alınmasında müstəsna tərəf-müqabili və təkrarsız aktrisa olan Nargilə xanım amilinin töhfəsi az deyil. Lakin töhfə nə qədər zəngin olsa da zəmin də bir o qədər münbit olmalıdır ki, nəticə layiqli səviyyədə meydana çıxsın. Bu mənada Nargilə-Vüsal tandemi, dueti yeni və uğurlu kəşf hesab oluna bilər. Onların həm aktyor oyununda, həm də sözsüz nidalarla vokalçı kimi ifalarında tələb olunduğu kimi yalnız obrazlarının daxili aləmini gördük - ilk təcrübə, öyrədən-öyrənən kimi məqamlar hazırlıq, məşq prosesində qalmışdı. "Vuvana"nın iştirakçılarının sonuncu şəkil və ya epizodda gitaranın canlı sədaları altında zümzümə etmələri isə əzəlinin əbədiliyinə, ibtidailiyin, qədimliyin modernliyinə, müasirliyinə işarə kimi anlaşıla bilər. "Olmaq" halı zaman, məkan məhdudiyyətindən azad olandır.

Samirə Behbudqızı
Milli.Az