“Leyla Şıxlinskaya”nın əməkdaşları məhkəmə qarşısında - 700 milik yeyinti

14 Noyabr 2017 14:56

"Leyla Şıxlinskaya" Klinikasında baş verən mənimsəmə və israf etmə cinayətində təqsirli bilinən bir qrup əməkdaşın barəsində olan cinayət işinin istintaqı tamamlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Leyla Şıxlinskaya" Klinikasının baş mühasibi vəzifəsində Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 sabiq işçisi Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə istintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, Ş.Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən çıxarılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib. Ş.Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi "qara kassa"da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində