Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti və orkestrin çıxışları olub - FOTO
25 İyul 2011 00:29
Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti və orkestrin çıxışı olmuşdur. AzərTAc xəbər verir ki, iyulun 24-də "Qafqaz Resorte" otelində keçirilən konsertin ilk hissəsində romantik dövrün məşhur alman bəstəkarları Yohans Bramsın "Yasəmən çiçəklənəndə", "Əbəs serenada", "Sevgilimə" Kvartet g-moll və Riçard Ştrausun "Xatirə günü" və "Sesil" əsəri səsləndirilmişdir. Konsertin ikinci hissəsində isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur. Orkestrə bədii rəhbər, Xalq Artisti, "Şöhrət" ordenli Rauf Abdullayev drijorluq etmişdir.
Konsertdə Xalq Artisti, "Şöhrət" və "İstiqlal" ordenli Arif Məlikovun "Metamorfozlar", Xalq Artisti, bəstəkar Musa Mirzəyevin "Vals", Ceyhun Allahverdiyevin, eləcə də gənc bəstəkarlar Ayaz Qəmbərlinin və Pikə Axundovanın piano və orkestr üçün əsərləri səsləndirilmişdir. Konsertlərdə pianoçular-Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, həmin təhsil ocağının dosenti Ceyhun Allahverdiyev, Bakı Musiqi Akademiyasının və A.Zeynallı adına Musiqi Kollecinin baş müəllimi İlahə Sadıxzadə, gənc pianoçu Pikə Axundova, rusiyalı pianoçu Nina Koqan, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədova, İngiltərənin məşhur Şubert Ansamblının yaradıcısı Saymon Blendis, London Mozart Players və Con Eliot Gardiners Orkestrinin solisti Judis Basbrik, İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Cill, bundan əlavə dirijorlar-Bakı Musiqi Akademiyasının müəllimləri, əməkdar incəsənət xadimləri və Prezident təqaüdçüləri Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov iştirak etmişlər.
Üç saatdan artıq davam edən çıxışlar alqışlarla qarşılanmışdır. Konsertləri 400-dən artıq yerli və xarici qonaq dinləmişdir.
Milli.Az



Foto: AzərTAc