II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı - YENİLƏNİB
23 İyul 2011 18:50
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb. Komissiyanın mətbuat xidmətindən Trend-ə bildirilib ki, imtahan nəticələri şənbə günü TQDK-nın internet saytında (tqdk.gov.az) yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.
-------
18.31
2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 16-da keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Milli.Az xəbər portalına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 691 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 4144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.
İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
• IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
• Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənnlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).
• Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
• Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:
- Torpaqşünaslıq və aqrokimya;
- Aqronomluq;
- Zootexniklik;
- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
- Meşəçilik;
- Əczaçılıq (baytarlıqda);
- Baytarlıq.
Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilmişdir. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.
Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.
İmtahan nəticələri barədə məlumatı, həmçinin "Sim" və "Cin"
nömrələrindən mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək
olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə
göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Milli.Az