Yusif Ağayev: "İkinci ailənin nə qədər uğurlu alınıb-alınmayacağından ehtiyat etdim" - VİDEO - FOTO

6 Noyabr 2017 09:55

Tanınmış teleaparıcı Yusif Ağayevin Milli.Az-a müsahibəsi.

- Yusif bəy, 6 noyabr Azərbaycanda teleradio günü kimi tarixə düşüb. Uzun illərin radio aparıcısı kimi sizi ürəkdən təbrik edirik. İstərdim radioya ilk gəlişinizdən danışaq. O illəri necə xatırlayırsınız?

- O illəri çox həyəcanlı anlarla xatırlayıram. Onları sözlə ifadə etmək mənim üçün çox çətindir. Çünki hamı bilir ki, mən 106 FM radiosundan əvvəl digər bir radioda çalışmışam.Yadıma gəlir ki, ilk efirimdə həyəcandan əlim-ayağım tir-tir əsirdi. Soyuq tər basmışdı məni, heç bilmirdim ki, nə danışıram. Hətta boğazım da qurumuşdu, həmin an masanın üstündə bir litr su olsaydı, bir dəfəyə içərdim. Bu həyəcan ard-arda bir neçə gün məni müşahidə etdi.

- Radioya gəlməyinizə o zamanlar kim sizə dəstək olmuşdu?

- Mən heç vaxt heç kimin dəstəyi ilə çalışmamışam. Sadəcə 106 FM radiosundan əvvəl çalışdığım radioya müsabiqə yolu ilə keçmişdim. Müsabiqəyə qatılan min nəfərin içindən məni və digər bir insanı seçmişdilər. Sonradan onu da yox, yalnız məni seçdilər. Yəqin ki, dünya görüşüm, 3 dil bilməyim və diksiyam digərlərini üstələyib. 1999-cu il mart ayının 5-də 106 FM radiosunda ilk olaraq efiri mən apardım, mənim səsim eşidildi. Demək olar ki, 19-cu ilə keçir ki, mən bu radioda çalışıram. Hər axşam saat 20:00-da "Axşama doğru" verilişin aparıcılığını edirəm. Bu verilişin də yaşı mənim əmək stajım qədərdir.

- Demək olar ki, diktorları çıxmaq şərtilə hal-hazırda televiziya məkanında sizin yaşda teleaparıcı yoxdur.

- Demək istəyirsiz ki, mən qocayam? (gülür).

- Xeyr, sizə "qoca" deməyə heç dilim gəlmir. Bildiyim qədərilə sağlam həyat tərzi keçirirsiz. Sizi daxilən və xaricən cavan saxlayan nədir?

- Oxucularımız fikirlərimi təkəbbürlü kimi qəbul etməsin, sadəcə bir şeyi vurğulaya bilərəm ki, hal-hazırda bir teleşirkətdə 19 il fəaliyyət göstərən teleaparıcı hələ ki, yoxdur. Hələ ki, bu liderlik məndədir. O ki, qaldı daxilən və xaricən gümrah qalmağıma... Bunu idmana və sağlam qidalanmağıma borcluyam.

- Sizin nəsil teleaparıcılar özləri haqqında utanaraq danışırlar. Amma elə gənclər var ki, bir dəfə efirə çıxmaqla artıq özü haqqında yüksək fikirdə olur.

- Bu yəqin ki, evdə aldığım tərbiyyədən, ətrafımda olan insanların mənə həmişə təkəbbürlü olmamağı tövsiyyə etməklərindən, özümü başqaları ilə eyni cərgədə görməyimdən asılıdır. Ona görə də mən "mən, mən" deməklə başqalarından fərqli olduğumu göstərmək istəmirəm. Həmişə özümü ümumi bir kollektivdə hiss etmişəm.

- Gələcəyinizi öncədən görürdünüz yoxsa hər şeyi zamanın axarına buraxmışdınız?

- Uşaqlıqdan özüm də bilmədən özümü bu günə hazırlayırdım. Çünki o vaxt yeganə Dövlət televiziyası var idi, yalnız onu dinləyirdik. Mən tanınmış diktorların səsini kasetə yazıb, evdə oturub onları təqlid etməyə çalışırdım. Bu məndə çox yaxşı alınırdı. Bu günlərdə çox təəssüf ki, tanınmış diktorumuz Rafiq Hüseynovu itirdik. Mən ondan təmkinli, səbrli olmağı öyrənmişdim. Təqlid etdiyim səslərdən biri də Rafiq Hüseynov idi. Düşünmürdüm ki, nə vaxtsa mən də aparıcı olacağam. Məktəbi bitirəndən sonra Xarici Dillər Universitetinə daxil oldum. Bu universitetdə təhsil almağım gələcəkdə mənim DJ kimi formalaşmağımda çox təsiri oldu. Düşünürəm ki, radio DJ və yaxud aparıcı olmaq üçün bir neçə əcnəbi dil bilmək mütləqdir.

- Radio sahəsində bir çox radio DJ-lərin yetişdirilməsində yaxından iştirak etmisiniz. Onların bugünkü gündə sizə qarşı olan münasibətləri necədir?

- Mən onları püxtələşdirib, bir-bir onların diksiyası üzərində işlədim. Hətta gecələr, onlarla birlikdə təcrübə efirlərində səhərə kimi qalırdım. Hər birinin diksiyası, danışığı üzərində tək-tək işləyirdim. Onlar elə bilirlər ki, bəziləri özbaşına DJ olublar. Bilən bilir, bilməyəni isə öz vicdanına buraxıram. Onların vəfasızlığından qətiyyən incimirəm. Mən insanlığımı edib yetişdirmişəm, istərdim ki, digərləri də bu cür etsin.

- Yusif müəllim, bir müddət hətta kənddə müəllim kimi də çalışmısınız. Amma bunu heç bir zaman etiraf etməkdən çəkinməmisiniz.

- Bəli, Şamaxının Muğanlı kəndində inglis dili müəllimi işləmişəm, bunu heç kimdən də gizlətməmişəm. Hər dəfə də həmin kəndə gedəndə yoldan o insanlara əl edirəm. Onlar bilirlər ki, Yusif onların kəndində inglis dili müəllimi işləyib (gülür). Mənim gələcək həyat yoldaşım da orada rus dili müəllimi işləyirdi. Biz orada tanış olub, evləndik. İllər boyu birlikdə ömür sürdük, təəssüf ki, onu vaxtından daha tez itirdim...

- Həyat yoldaşınız rəhmətə gedəndən sonra ikinci dəfə ailə həyatı qurmağı düşündünüz?

- Məncə insan bir dəfə sevər. Çoxları buna birmənalı yanaşmır. Həm də burada bəxt, tale faktoru var. Çünki ikinci ailənin nə qədər uğurlu alınıb-alınmayacağından ehtiyat etdim. Bu sevgidən bizim iki qızımız dünyaya gəldi. Hal-hazırda mən qızlarım və nəvələrim üçün yaşayıram. Özümü xoşbəxt hiss edirəm ki, ətrafımda əzizlərim var. Məni həyata bağlayan onlar və işimdir.

- İşinizin sizin üçün nə qədər önəmli olduğunu bilirəm. Amma 5 il efirlərdən uzaq düşdünüz. Buna səbəb nə idi?

- Bəli, mən 5 il efirdə olmadım. Buna səbəb isə "106 house" verilişinin bağlanması idi. Bizim bir aparıcımız mənə deyirdi ki, sənin yoxluğunda bir çoxları ortaya çıxdılar və məşhurlaşdılar. Bu həmçinin müğənnilərə də aiddir. Bütün dünyada bu var, bunu normal qarşılayıram. Amma onu da deyim ki, 5 il efirdə olmamağımla mən zaman qazandım. Demək olar ki, mən bir növ imtahan verdim, hər şeyi götür-qoy etdim. Fikirləşirdim ki, nə vaxtsa efirə qayıtsam görəsən necə Yusif olacağam?Allah təala mənə bunu da nəsib etdi. Artıq 3-cü ildir ki, doğma ATV kanalında "10-dan sonra" verilişinin aparıcılığını edirəm.

- Nə qədər acı da olsa sözü efirdə həmişə müğənninin üzünə deyirsiniz. Bunu da bir peşəkarlıqla zarafatyana, ifrat dərəcəsinə gətirmədən edirsiniz. Bu durumu 5 il televiziyadan uzaq düşdükdə müğənnilərin sizə qarşı vəfasızlıq etməsi ilə əlaqələndirmək olarmı?

- Bu müğənnilərin içərisində vəfalıları da oldu, vəfasızları da. Onlardan ən vəfalısı Manana çıxdı. Çünki Manana efirdə olmadığım 5 il ərzində hər il dekabr ayının 28-də zəng edib ad günümü təbrik edirdi. Həmin gün həm də Manananın ad günüdür.

- Manananın o tarixdə öz ad günü olmasaydı, yenə zəng edərdimi?

- Yenə də sağ olsun ki, xatırlayır. Həmin gün onun öz başı çox qarışıq olur, xatırlamaya da bilər. Amma Manananı mən uzun illərdir tanıyıram və ad günü olmasaydı, da təbrik edəcəyinə əminəm.

- Qalmaqaldan həmişə uzaq olmusunuz. Bu insanlarla məsafəli ünsiyyət saxladığınıza görədir?

- Mən həmişə qalmaqallardan uzaq qaçmışam. Düzdür, ayağımı bastalayanın cavabını həmin dəqiqə verərəm. Amma buna imkan yaratmıram. Çünki mənim bu yaşımda mənə qalmaqal lazım deyil. Düşmən yox, dost qazanan vaxtımdır. Mən hamıyla məsafəli ünsiyyət saxlayıram, yaxınıma yalnız ailə üzvlərim daxildir.

- Bugünkü gündə həyatda ən böyük stimulunuz nədir?

- Çox sevinirəm ki, bugünkü gündə sənətdəyəm. Çalışdığım telekanalda rəhbərlik tərəfindən həmişə böyük dəstək və qayğı görürəm. Bu da məni daha da əzmlə çalışmağa, xarüqələr yaratmağa vadar edir.

Əli Rəhimoğlu

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yusif Ağayev: