Dünyanın diqqətinin Qərbin sanksiyaları və neftin ucuzlaşması qarşısında Rusiya iqtisadiyyatında yaşanan böhrana və rublun çökməsinə yönəldiyi bir vaxtda ABŞ-ın ən qatı düşmənlərindən biri-Kuba ilə münasibətlərin normallaşmasını elan etməsi əsl geosiyasi sensasiya oldu.
Virtualaz.org xəbər verdiyi kimi prezident Barak Obama xüsusi müraciətlə çıxış edərək 1961-ci ildən diplomatik münasibətlərin kəsildiyi Kuba ilə münasibətləri normallaşdırmaq üçün dövlət katibinə tapşırıq verdiyini elan edib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Obama tarixi bəyanatla çıxış edərək deyib ki, Kubaya qarşı indiyədək tətbiq edilmiş sanksiyalar nəticə verməyib və Ağ Ev Kuba hakimiyyətinə qarşı münasibətini kardinal şəkildə dəyişməyi qərara alıb. İndi ABŞ bu ada dövləti ilə siyasi dialoqu yeni formada quracaq. Obama Kubanın terroru dəstəkləyən ölkə statusunun dəyişdirilməsi üçün Dövlət Departamentinə tapşırıq verdiyini, Konqres üzvləri ilə bu ölkəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların ləğvini müzakirə edəcəyini deyib. Münasibətlərin normallaşmasına səfirliklərin açılması da daxildir. Kuba isə eyni gündə casusluqda ittiham olunan ABŞ vətəndaşı Alan Qrossu və daha üç amerikalını həbsdən azad edib.
Ağ Ev elan edib ki, xalqa müraciətindən əvvəl Obama Kuba lideri Raul Kastro ilə görüşüb. 45 dəqiqə davam edən görüş 50 ildən artıq müddət ərzində iki ölkə rəhbərləri arasında ilk təmas olub.
ABŞ-ın Kuba ilə münasibətləri normallaşdırmaq qərarı Ukraynaya görə Rusiya ilə yaşanan yeni soyuq müharibə ilə bir vaxtda baş verir və bir daha ötən əsrin ortalarında "Soyuq müharibə"nin ən qızğın çağlarında iki nəhəng dövlət-SSRİ ilə ABŞ arasında Kuba üzərindən yaşanan gərgin qarşdurmanı yada salır. Yaxın tarixdə "Karib böhranı" kimi qalan dramatik hadisələr haqda yəqin ki, çoxları məlumatlıdır. Söhbət ondan gedir ki, SSRİ-nin gizlicə Kuba adasında nüvə raketləri yerləşdirməsi dünyanı nüvə müharibəsinin bir addımlığına gətirmişdi.
İndi məlum olur ki, ABŞ-ın Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda Kuba ilə münasibətləri normallaşdırmaq qərarı verməsinin arxasında da buna oxşar proseslər dayanırdı. "The Washington Times" qəzetinin yazdığına görə ABŞ kəşfiyyatı Rusiyanın Kuba və Venesuela üzərindən Birləşmiş Ştatları nüvə raketi ilə təhdid etmək planlarından xəbərdar olub. Bu planlara görə Rusiya Tu-95 strateji nüvə bombardmançılarının Kubada enib-qalxmaq icazəsi almaq üçün Havana ilə danışıqlar içərisində olub. Həmçinin analoji danışıqlar Venesuela ilə aparılıb. Son vaxtlar Venesuelanın paytaxt Karakas yaxınlığındakı beynəlxalq aeroportun uçuş-enmə zolağını Tu-95 bombardmançılarının enməsi üçün uzatdığı bildirilir.
Qeyd etmək lazımdır ki, Kuba ABŞ-la münasibətləri kəsdiyi vaxtdan etibarən əvvəl SSRİ, sonra isə Rusiya ilə həmişə sıx münasibətlər içərisində olub. 1961-ci ildə Kuba lideri Fidel Kastro ölkədəki ABŞ şirkətlərini milliləşdirdikdən və Amerika vətəndaşlarının əmlaklarını müsadirə etdikdən sonra Vaşinqton "azadlıq adası" ilə münasibətləri kəsmişdi. SSRİ isə Kubanı ABŞ-ın təzyiqlərindən və təhdidlərindən qoruyan əsas güc idi. Son illər bu ənənəni Rusiya davam etdirirdi və Vladimir Putin Kubanın 36 milyard dollarlıq nəhəng dövlət borcunu silmişdi.
İndi ABŞ Kuba ilə normal münasibətlər quraraq Rusiyanın adada strateji nüvə bombardmançılarını yerləşdirmək planlarını əngəlləyə bilər. İqtisadi çətinliklər içərisində yaşayan Kuba üçün ABŞ-la ticarət münasibətlərinin bərpası yaxşı imkanlar vəd edir. Deməli Kuba ABŞ-la normal münasibətlərə malik olmaq üçün Rusiya ilə Vaşinqtonun maraqlarını təhdid edən əməkdaşlığa getməyəcək. Hərçənd ki, Rusiyanın diplomatik çevrələrində ABŞ-ın Kuba ilə münasibətləri bərpa etmək qərarından məmnun olduqlarını və bunu alqışladıqlarını deyirlər.
Milli.Az