Məktəblilər arasında "Şanlı bayrağım" adlı fotomüsabiqəyə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, müsabiqə paytaxt üzrə "Məktəblinin dostu" layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.
Müsabiqə "Məktəblinin dostu" layihəsi tərəfindən "ASAN xidmət"lə birgə təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd 9 Noyabr - Dövlət Bayrağı Gününü təbliğ etmək, şagirdlərdə bayrağa hörmət və sevgi hissini aşılamaq, həmçinin, onların istedadını üzə çıxarmaq, vətənpərvərlik duyğularını yaradıcı formada ifadə etmələrinə şərait yaratmaqdan ibarətdir.
Müsabiqə çərçivəsində şagirdlər əvvəlcə mövzuya aid fotoları təhsil aldıqları məktəbdəki "Məktəblinin dostu"na təqdim etməlidirlər. Bir şagird müsabiqədə 1 foto ilə iştirak edə bilər. Həmin fotolardan məktəbdaxili qiymətləndirmədən keçənləri noyabrın 1-i saat 24:00-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Bir məktəb müsabiqəyə 3-7 aralığında foto təqdim edə bilər.
Hər bir fotonun qeydə alınması üçün Feysbukda #9noyabr haştaqı ilə minimum 5 paylaşma olmalıdır. [email protected] elektron poçt ünvanına göndərilmiş fotolardan müvafiq meyarlara cavab verənləri "Məktəblinin dostu"nun rəsmi internet səhifəsində yerləşdiriləcək.
Noyabrın 6-da peşəkar heyət tərəfindən hər məktəb üzrə bir foto növbəti mərhələ üçün seçiləcək.
Müsabiqənin sonunda 3 ən yaxşı foto müəyyənləşdiriləcək. Həmin fotoların müəllifləri xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar. Bununla yanaşı, müsabiqənin sonuncu mərhələsinə qatılmış digər iştirakçıların da təltif olunması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş fotoşəkillərdən ibarət sərgi də təşkil ediləcək. Fotosərgi ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində nümayiş olunacaq.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində