"Oktyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin çıxışı təqdirəlayiqdir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, C.Uorlik Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasını istəməklə separatizmə son qoyulmasına işarə vurub:
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. 1992-ci ildən qrup bu problemin həlli ilə məşğul olsa da, hələ ki ortada bir nəticə yoxdur. Sadəcə, bu gün beynəlxalq hüquq normaları var və artıq bu normalara riayət olunma zamanı çatıb. Artıq ikili mövqedən çıxış etmək yox, beynəlxalq hüququn diktə etdiyi qanunlara söykənmək lazımdır. Artıq separatizm Avropaya keçib. Bir çox ölkələrdə separatizm baş qaldırıb. Bu da dünya xəritəsinin, sərhədlərin dəyişməsinə gətirib çıxarır. Sərhədlərin dəyişməsi isə xaosa, böyük qırğınlara səbə ola bilər. Ona görə də, C.Uorlikin fikirləri düzgündür və dünya ictimaiyyəti tərəfindən alqışlanmalıdır. Uorlik haqlı olaraq deyir ki, Ermənistan qeyd-şərtsiz Azərbaycan ərazilərini işğaldan azad etməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparılmalıdır. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin də mövqeyi məlumdur. Prezident dəfələrlə bütün dünya ictimaiyyətinə bəyan edib ki, Dağlıq Qarabağda yaşayacaq ermənilərin hüquqları Azərbaycan vətəndaşları qədər qorunacaq, onlara heç bir fərq qoyulmayacaq. Bundan artıq ermənilərə hansı qarantiya verilməlidir".
Onun sözlərinə görə, keçmiş amerikalı həmsədrin bu cür kəskin fikir söyləməsi həqiqəti əks etdirir, həmçinin, bu, təkcə Qarabağda deyil, dünyada getdikcə baş qaldıran separatizmə nöqtə qoymaq deməkdir: "Yəni Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi eyni zamanda beynəlxalq aləmdə bir stabilliyin yaranması istiqamətində addımdır".
Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir.Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən "Laçın dəhlizi"nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.
Milli.Az