Sarkisyan adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, S.Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.
Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar qoy çalışsın".
Milli.Az