Gecə oxusu: "Bir növ sevgi haqqında"
22 İyul 2011 00:30
bir növ sevgi haqqında
hər şeyin bir dönüş nöqtəsi, qayıtdığı məkan var "OL" söylənən fəzada.
"OL"dan "O"ya üz alar yaranan, "OL"dan "O"ya dəyişər hər an.
O-sıfra, L-vahidə bənzər;
biri çevrəvari, biri tamlıq, bütövlük-kamillik mücəmməsi.
başladığı nöqtəyə - "O"na, ya da "O"ra qayıdar yaranan nə varsa
çevrə cızaraq, vahidə dönər.
hər şey bir-birinə yaxın və uzaq "OL"dan "O"yadək - arada sonsuzluq.
hətta bir-birinə ən yaxın iki nöqtə arasında məsafə sonsuzluq adlı - istənilən
iki ədəd arasında həmişə üçüncüsü var - üst-üstə düşəndə yox olar məsafə.
hər şey içindən dəyişər əvvəlcə;
mən sənə çatmaqçın dəyışıb içimdən sonsuzluq aşdım.
itər arada məsafə. səndən mənə, məndən sənə sevgi sızar:
susss...sss... kiri-kiri...
indi də
gözlərimizlə dinləyək bir-birimizi.
"xoşbəxtəm", "xoşbəxtəm", "xoşbəxtəm" - pıçıltılar sürüşər
sükunət arasında dəyər divarlara. divarlar həyan olar
can verən pıçıltılara. nə vaxt dinləsən divarları kövrək, həzin,
doğma, yad səslər eşidilər.
səndən mənə, məndən sənə sevgi sızar.
məndən sənə, səndən mənə kədər qalar - gülər üzlü.
böyüyər məsafə, sonsuzluq dolar yenə araya.
sonsuzluqda yagışlar yağar - hüzn aşılayar sevinc qarışıq. qüssəyə
qərq edər dağ-daşı, oyanar otların, çiçəklərin yaddaşı, - daşı özünlə
sevinci, daşı özünlə kədəri, daşı, daşı.
sonsuzluqda qar yağar, çovğun başlayar - qəlblər üşüyər. susayar
məsumluğa canavarlar, canavar xislətlilər. güclülər qovduqca zəiflər
qaçar. qısqırdar güclüləri, qaçırdar zəifləri yaşamaq instinki.
sonsuzluqda sərin meh əsər, ləpələr pıçıldaşar, nə qədər zərblə
çırpılsa da sahilə dalğalar- keçilməzlikdən və qaçılmazlıqdan
xəbər verər.
sonsuzluqda gün çıxar, qaranlıq düşər, zavallı quşcığaz
pəncərəni döyəclər: "cik-cik-cik" - "fanilik.fanilik.fanilik".
günlər, aylar, illər qırılmış güzgü - çilik-çilik.
sonsuzluqda sevgi oyunu başlar. sevgidən çox sevgi haqqında
xəyalların əsiri olarlar. sevgi oyunu quraşdırarlar. qadınlar leyli,
kişilər məcnun olar. dastanlar yazılar, nəğmə qoşular.
sonsuzluqda körpələr doğular, insanlar ölər. doğulanlar ölər,
ölənlər yenidən doğular; sakini olar yeni aləmin ya tikan, ya ot,
ya insan, ya it şəklində.
sonsuzluqda sevgi ilə nəfəs alıb, qüssə ilə köks ötürər binalar. dəyişər
içindən, dəyişər çölündən, dəyişər içindəkilər, dəyişər çölündəkilər.
sonsuzluqda evlər tikilər, kəndlər, şəhərlər xaraba qalar. gülləyə
tuş gələr qocalar, qadınlar, körpələr. mərmiyə çevirib körpəsini
cihada qalxar hicablı müsəlman qadınlar.
sonsuzluqda azadlıq adıyla fəth edilər ölkələr. torpağın hamının,
hamının torpağın olduğu unudular.
sonsuzluqda inqilab edər kütlələr, dəyişər hökmdarlar - azadlıq
istər adamlar. amma azdadlığı sevməz başçılar.
daha nələr , nələr olar sonsuzluqda...
mən "SƏN"i sevərəm.
hər şey "O"na dönür,
"SƏN" mənə, mən "SƏN"ə qayıdaram.
... - 26.02.2011
ömür sürəti
həyat - surətçıxaran aparat sanki, qapağı altında tale yazısı,
bir parça ağ kağız tək udar adamı,
udar - çevirər, köçürər o biri üzünə son nöqtəsinədək
qapağı altındakı tale yazısın,
sonra ötürər sonsuzluğa, ötürər asta-asta
bir üzü ağ, bir üzü qara.
hara, nəyə baxsan bir həyat macərası, yəni bir həyat modeli.
deyirəm
kaş imkanın olaydı, oğul,
ağ mərmərdən baş daşı qoyaydın məzarım üstə və
qara hərflərlə yazılaydı sadəcə adım, bir də doğum tarixi.
yalnız doğum tarixi. çünki, axı mən ölənlərdən deyiləm, oğul.
vallah, ölənlərdən deyiləm, dostlar.
ax, zalım dostlar, zalım dostlar!
demədiniz, demədim - deyilməyən sözlər qaldı
ömür əhvalatından sonra, nakam sözlər.
keçdiyin yolları(s) yaşadığın zamana(t) bölsən
ömür sürətini(v) tapa bilərsən:
v=s/t - bir adı "ömür yorğunluğu".
gedib, gedib, yorulub qayıtdığın yollar var ha
üst-üstə gəl onları da
artar ömür sürəti, lap uçuşa bənzər.
bir çiçək qopub düşdü otağımdakı gül kolundan.
yoruldu deyəsən, yoruldu - dəqiq. asta-asta enirdi yorğun.
yox, uçurdu. uçurdu asta-asta yıxıldı döşəməyə, artıq ömür sürəti - sıfır.
tarazlıq halında - budağın, kolun üstündə yaşayar çiçəklər,
yaşayar güllər. yerindən qopdusa, elə hərəkətdə ölər, ömrü tükənər
ətrini, gözəlliyini itirməsə də.
gördünüz; hərəkətdə ölüm,
ölümdə gözəllik - bu da bir həyat macərası,
yəni bir həyat modeli, dostlar.
ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim də!
hara, nəyə baxsan bir həyat macərası.
hərəkətdə yaşayar
çiçəkdən, güldən fərqli - təsadüfi prosesdi insan.
bilməz onu nə gözləyər t(te) andan sonra, bilməz ki...
bilməz ki
başına nə gələcək bu zaman zəncirinin
bir zaman kəsiyində.
biri hərəkətdə yaşayar, o biri sükunətdə.
biri sükunətdə ölər, o biri hərəkətdə.
çiçəyin qırılıb keçdiyi yoldu - çiçəyin öldüyü yerdi
insan həyatı. bu da bir həyat macərası, həyat modeli.
hara baxsan, nəyə baxsan cürbəcür həyat macərası,
amma eyni həyat modeli, dostlar, - düzdür?
ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim a!
Milli.Az