Azərbaycanda IV ixtisas qrupu üzrə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul üçün keçid balı müəyyənləşib
19 İyul 2011 18:15
İyulun 16-da ali məktəblərin IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrinin müvafiq ixtisaslarına qəbul üçün keçid balı məlum olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün hərbi liseylərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, C. Naxçıvanski adına Hərbi liseyə (Bakı ş.) keçid balı 200, H. Əliyev adına Hərbi liseyə (Naxçıvan şəhəri) isə 150 olub.
Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) keçid balı 87.5 müəyyən edilib. IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsinə əsasən, Azərbaycan Tibb Universitetinin "Hərbi həkim işi" ixtisasına keçid balı 380 (bütün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti saxlanmaqla) olub. Həmin təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq təhsil müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Milli.Az